Rusiyanın Ukraynanın bəzi bölgələrinə bir gecədə həyata keçirdiyi hücumlar nəticəsində azı 4 nəfər həlak olub, 30-dan çox adam da yaralanıb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin iyulun 7-də yaydığı məlumatda Sumi vilayətində iki, Odessa vilayətində isə bir nəfərin öldüyü bildirilib. Yerli idarələrin verdiyi xəbərdə isə Xerson vilayətində də bir nəfərin həyatını itirdiyi qeyd olunub.
Kiyev meri “Telegram” kanalında yaydığı bəyanatda bildirib ki, Rusiya paytaxt Kiyevdə bir neçə binanı hədəf alıb. O, itki barədə məlumat verməyib.
Rusiya Müdafiə Nazirliyi bir gecədə 91 Ukrayna pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb. Məlumata görə, həmin pilotsuz aparatların 8-i Moskva vilayətində, qalanları isə Ukrayna sərhədi yaxınlığında vurulub.
Xatırladaq ki, Rusiya qüvvələri iyulun 4-də Kiyevi 530 PUA ilə hədəf alaraq iki nəfərin ölümünə səbəb olmuşdu.
İki ölkə arasındakı gərginlik artmaqda davam edir və hər iki tərəf getdikcə daha aqressiv hava hücumları həyata keçirir.