İsrailin Qəzza şəhərinə hava, quru və dənizdən həyata keçirdiyi intensiv hücumlar nəticəsində bölgədə yaşayan fələstinlilər kütləvi şəkildə qaçmağa məcbur olub. Hücumlar, ərazinin şimal-şərq hissələrindən başlayan məcburi köç prosesini daha da sürətləndirib.
Yerli təhlükəsizlik mənbələrinin “Anadolu” agentliyinə verdiyi məlumata görə, Qəzza şəhərinin şərqində vəziyyət sürətlə pisləşir. İsrail qüvvələri məhəllələri hava hücumları, artilleriya atəşi və partlayıcı yüklü robotlarla hədəfə alır.
Anadolu Agentliyinin müxbirinin bildirdiyinə görə, sakinlər canlarını xilas etmək üçün üçün Qəzza şəhərinin qərbinə və ya daha da cənuba doğru qaçırlar. Cənubda yerləşən Əl-Səbra məhəlləsinin də atəşə tutulduğu bildirilir.
Avqustun 29-da Qəzza şəhərini "təhlükəli müharibə zonası" elan edən İsrail soyqırımın başlanğıcından bəri ən ağır bombardmanlardan birini həyata keçirib. Bu hücumlar İsrailin Qəzzanı tədricən yenidən işğal etmək üçün təsdiqlədiyi planın bir hissəsi hesab edilir. Bu planın ilkin mərhələdə Qəzza şəhərində — əhalinin təxminən yarısının yaşadığı ən böyük şəhər mərkəzində — başlaması gözlənilir.
BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) bu hücumların bir milyona qədər insanı yenidən evlərini tərk etməyə məcbur edə biləcəyi barədə xəbərdarlıq edib.