UEFA “Paris Sen-Jermen” ilə “Tottenhem” arasında keçiriləcək UEFA Superkuboku qarşılaşmasından əvvəl Qəzzaya xitabən pankart nümayiş etdirib. Pankartda “Uşaqları öldürməyi dayandırın! Mülkiləri öldürməyi dayandırın!” sözləri yazılıb.
Qurum avqustun 13-də “X” platformasında yayımladığı açıqlamada yazıb: “Mesaj aydın və qətidir. Bir pankart, bir çağırış.” Pankartı oyun öncəsi, ikisi Qəzzadan olmaqla, müharibələrdən təsirlənən bölgələrdən gətirilmiş uşaqlar daşıyıb. Bu addım UEFA Uşaq Fondu tərəfindən dünyanın müxtəlif bölgələrində müharibədən əziyyət çəkən uşaqlara yardım ediləcəyinin elanından sonra atılıb.
Bu təşəbbüs eyni zamanda “Liverpul” futbolçusu Məhəmməd Salahın UEFA-nın “Fələstinin Pelesi” kimi tanınan Süleyman əl-Ubeydi yad etməsinə dair paylaşdığı mesajı tənqid etməsindən sonra gəlib.
Xatırladaq ki, UEFA-nın ötən həftə yaydığı anım mesajında, əl-Ubeydin İsrail tərəfindən Qəzzada necə öldürüldüyünə dair heç bir məlumat və ya qınama yer almamış, yalnız “Ən qaranlıq dövrlərdə belə saysız-hesabsız uşağa ümid verən bir istedad” kimi ifadələr işlədilmişdi.
M.Salah isə bu paylaşımı yenidən yayımlayaraq belə şərh etmişdi: “Harada, necə və nə üçün öldürüldüyünü də deyə bilərsiniz?”
Onun bu tənqidi qısa müddətdə təxminən 115 milyon baxış toplayaraq, İsraili açıq şəkildə hədəf almayan Avropa futbol idarəçiliyinə qarşı narazılıqları artırmışdı.
Qeyd edək ki, İngiltərə Premyer Liqa tarixinin ən yaxşı futbolçularından biri hesab edilən misirli hücumcu M.Salah soyqırımın ilk həftələrində Qəzzada atəşkəs çağırışı etmiş və mühasirə altındakı bölgəyə humanitar yardımın buraxılmasını tələb etmişdi.