Fransanın Daxili işlər naziri Bruno Retayo (Bruno Retailleau) “Pari Sen-Jermen” (Paris Saint-Germain) azarkeşlərinin klubun UEFA Çempionlar Liqası qələbəsini qeyd etməsini "barbarlıq" adlandırdığı üçün tənqidlərə məruz qalıb. Bu açıqlama PSG-nin 31 mayda Çempionlar Liqası finalında İtaliyanın “İnter Milan” komandasını 5-0 məğlub etməsindən sonra Fransada genişmiqyaslı bayramların başlamasından sonra verildi.
“Le Figaro” qəzetinin Paris Polis İdarəsinə istinadən verdiyi məlumata görə, matçdan sonra ölkə üzrə ümumilikdə 131 nəfər saxlanılıb, iki avtomobil yandırılıb, bir mağaza talan edilib.
Qrenoblda bir sürücünün maşınına nəzarəti itirərək izdihama çırpılması nəticəsində üç piyada xəsarət alıb, Fransanın BFMTV telekanalı xəbər verib.
Fransanın Daxili işlər naziri “X” platformasında yazıb: “Əsl azarkeşlər matçdan zövq alıblar, lakin bəzi barbarlar Paris küçələrinə çıxaraq cinayətlər törədib və hüquq-mühafizə orqanlarına qarşı gəliblər. Təhlükəsizlik qüvvələri onlara sərt reaksiya verməyə məcbur olub”.
“Barbar Retayonun özüdür”
Bruno Retayonun "barbar" sözünü işlətməsi müxalifətdən olan millət vəkilləri tərəfindən kəskin tənqid edilib. Solçu “Əyilməz Fransa” (France Unbowed) partiyasının üzvü Antuan Leman (Antoine Leaument) azarkeşlərin toplaşdığı Yelisey sarayı (Champs-Elysees) yaxınlığındakı Madlen (Madeleine) metro stansiyasında gözyaşardıcı qazın həddindən artıq istifadəsini qınayıb və “İnsanların Yeliseydə qələbəni qeyd etməsinə mane olmaq nə deməkdir? Barbar elə Retayonun özüdür", - deyib.
Müxalifətdən olan digər millət vəkili Aleksis Korbyer (Alexis Corbiere) də onu tənqid edərək açıqlamalarını “daxili işlər nazirinə yaraşmayan ifadələr” adlandırıb və deyib: "Bayramda qarışıqlıq salanların zorakılığını qəbul etmirik, amma niyə “barbar”, “vəhşi” kimi sözlərdən istifadə etməliyik? İnsanlar özünü xoşbəxt hiss edərkən bu adam nifrət dolu sözlər söylədi”.
“France Unbowed” partiyasının üzvü Tomas Portes Bruno Retayonu irqçilikdə ittiham edərək “X” platformasında yazıb: "Bizim siyasi fikir ayrılıqlarımız ola bilər, amma “barbar” sözü bir daxili işlər nazirinin ağzından çıxmamalıdır”.
Xatırladaq ki, mayın 31-də UEFA Çempionlar Liqasının final oyunu keçirilib. Həlledici qarşılaşmada Fransanın PSG və İtaliyanın “İnter” komandaları qarşılaşıb. Münxen meydanında baş tutan matç italiyalıların darmadağını – 5:0 ilə başa çatıb. Bununla da Fransa tarixində ilk dəfə qitənin nüfuzlu turnirinin qalibi olub.