Rusiyanın ‘‘RİA Novosti’’ xəbər agentliyi rusiyalı diplomatın Polşanın vurulan pilotsuz uçuş aparatlarının (PUA) Rusiyaya aid olduğuna dair heç bir sübut təqdim etmədiyini bildirib.
Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş deyib: "Biz bu ittihamları əsassız hesab edirik. PUA-ların Rusiyaya aid olduğuna dair heç bir sübut təqdim edilməyib".
Rusiya dövlət mediasının məlumatına görə, A.Ordaş Polşa hakimiyyət orqanları tərəfindən çağırılıb.
‘‘RİA Novosti’’ agentliyinə müsahibə verən A.Ordaş bildirib ki, Polşa Xarici İşlər Nazirliyi saat 12:00-da görüş üçün çağırıb və Varşavanın vurulan PUA-ların Rusiyaya aid olduğuna dair sübut təqdim etmədiyini vurğulayıb.
Polşa prezidenti Karol Navroçki Polşanın hava məkanına daxil olan Rusiya pilotsuz uçuş aparatlarının vurulmasından sonra 48 saat ərzində Milli Təhlükəsizlik Şurasının toplanması barədə qərar qəbul edib.
Polşanın baş naziri Donald Tusk bildirib ki, NATO və Avropa İttifaqına üzv dövlətlər bir gecədə hava məkanının 19 dəfə pozulması faktını aşkar edib və ən azı üç Rusiya PUA-sını vurub.
Parlamentdə çıxış edən Donald Tusk deyib: "On doqquz qanun pozuntusu aşkar edilib və dəqiqliklə izlənilib... İndi üç pilotsuz uçuş aparatının vurulduğu təsdiqlənib... Rusiyanın hərəkətləri nəticəsində yaralanan və ya ölənlərin olub-olmadığı barədə məlumatımız yoxdur".
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Polşanın hava məkanını ehtiyatsızlıqla pozduğunu bildirib.
Aİ qanunvericilərinə müraciət edən Ursula fon der Leyen deyib: "Bu gün biz 10-dan çox Rusiya “Şahid” tipli PUA-nın Polşa və Avropa hava məkanını ehtiyatsız şəkildə pozmasının şahidi olduq". O, Avropanın Polşa ilə tam həmrəy olduğunu ifadə edib.
Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas isə rəsmi "X" səhifəsində paylaşım edərək deyib: "Ötən gecə Polşada müharibənin başlanğıcından (Rusiya-Ukrayna) bəri Rusiya tərəfindən Avropa hava məkanının ciddi şəkildə pozulmasını müşahidə etdik və əlamətlər göstərir ki, bu təsadüfi deyil, qəsdən edilib. Ukraynaya dəstək verin və Avropanın müdafiəsinə sərmayə yatırın.”
Kaya Kallas blokun Şərq Sərhəd Qalxanı müdafiə xətti kimi təşəbbüslərə dəstəyini bir daha təsdiqləyib.
Hollandiyanın baş naziri Dik Şuf bildirib ki, Hollandiya Hərbi Hava Qüvvələri bir gecədə Polşa səmasında Rusiya pilotsuz uçuş aparatlarının vurulmasına dəstək verib.
Rəsmi "X" səhifəsində paylaşım edən Dik Şuf deyib: "Hollandiyanın F-35 döyüş təyyarələrinin dəstəyi çox önəmlidir. Hollandiya NATO müttəfiqimiz Polşanın yanındadır. Rusiyaya məxsus PUA-ların Polşanın hava məkanını pozması Rusiyanın təcavüzkar müharibəsinin Avropa təhlükəsizliyinə yaratdığı təhdidin daha bir sübutudur”.
Yaşanan olaya münasibət bildirən Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı Polşanı qəsdən hədəf almaqda ittiham edib.