Ukraynanın xarici işlər naziri Andrey Sibiqa macar həmkarı Peter Siyarto ilə Rusiyanın Ukraynaya hücumları, ikitərəfli münasibətlər və Kiyevin Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində irəliləyişi barədə danışıqlar aparıb.
“Telegram” kanalında açıqlama verən Andrey Sibiqa deyib: “Görüş zamanı Siyartoya Rusiyanın terror fəaliyyətlərini artırdığını çatdırdım və Ukraynanın sülh səylərinə sadiqliyini bir daha vurğuladım. Rusiyaya təzyiqi artırmaq və sülh prosesini irəli aparmaq üçün beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacımız var”.
Nazir həmçinin bildirib ki, danışıqlarda Ukrayna Baş nazirinin müavini Taras Kaçkanın Budapeştə planlaşdırılan səfəri və macar milli azlığının hüquqları ilə bağlı məsləhətləşmələr aparılıb. O, Ukraynanın qarşılıqlı hörmət prinsipi əsasında bütün ikitərəfli məsələlərin həllinə hazır olduğunu da qeyd edib.
Sibiqa Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlarda yaranan fəsillərin “mümkün qədər tez” aradan qaldırılmasının vacibliyini vurğulayaraq Avropa İttifaqına üzv dövlətləri bu addımı dəstəkləməyə çağırıb.
Macarıstanın “Shell” şirkəti ilə 10 illik təbii qaz tədarükü müqaviləsindən məmnunluğunu ifadə edən A.Sibiqa bunu regionun və bütün Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm addım adlandırıb.
Andrey Sibiqa vurğulayıb ki, Ukrayna və Avropanın təhlükəsizliyi bölünməzdir və onun möhkəmləndirilməsi hər iki tərəfin ortaq məqsədidir. ‘‘Ölkələrimiz arasında praqmatik və qarşılıqlı faydalı əməkdaşlıq əsasdır və biz Macarıstan tərəfini bu məsələlərdə konstruktiv mövqe tutmağa dəvət edirik’’,-deyə Andrey Sibiqa vurğulayıb.