Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qətər əmiri şeyx Təmim bin Həməd əl-Sani, İsrailin Dohada “Həmas” müzakirə heyətinə qarşı həyata keçirdiyi hücumu müzakirə etmək üçün telefon danışığı aparıblar. Prezident R.T.Ərdoğanın ofisindən verilən açıqlamaya görə, iki lider hücuma qarşı atıla biləcək birgə addımları da müzakirə ediblər.
Telefon danışığında R.T.Ərdoğan həlak olanlar üçün başsağlığı verib və Türkiyənin bütün imkanları ilə Qətər dövləti və xalqının yanında olacağını vurğulayıb. Prezident həmçinin sentyabrın 9-da Türkiyənin sosial media platforması “Next-Sosyal” üzərindən etdiyi paylaşımda İsrailin hücumunu qınayaraq bunu “qardaş ölkəyə qarşı beynəlxalq hüququn açıq pozuntusu” adlandırıb.
“İsrailin Qatardakı “Həmas” müzakirə heyətinə hücumu, Benyamin Netanyahu hökumətinin kor nifrətini və münaqişəni daha da dərinləşdirmə niyyətini bir daha üzə çıxarmışdır. Təkcə özünü deyil, bütün regionu fəlakətə aparmağa çalışan İsrailin quldurluğuna qarşı qətiyyətli və möhkəm mövqeyimizi davam etdirəcəyik. Nə bahasına olursa olsun, sülhü, beynəlxalq hüququ və Fələstin xalqının azadlığını müdafiə edəcəyik”, – deyə R.T.Ərdoğan bildirib. Ölkə başçısı həmçinin, terroru dövlət siyasətinə çevirənlərin uğur qazana bilməyəcəyini qeyd edib.
Hücumdan sonra Türkiyənin Qətərdəki səfirliyi hadisələri yaxından izlədiyini açıqlayaraq, Türkiyə vətəndaşlarını Qətər dövlətinin bəyanatlarını, rəsmi sosial media hesablarını və səfirliyin internet saytında veriləcək məlumatları diqqətlə təqib etməyə çağırıb.
Qeyd edək ki, İsrailin Dohaya endirdiyi zərbə “Həmas” heyətinin ABŞ dəstəyi ilə hazırlanan yeni Qəzza atəşkəs planını müzakirə etdiyi bir vaxtda Qətərin paytaxtında həyata keçirilən ilk hücum olub.
Fələstin müqavimət hərəkatı bildirib ki, hücumda yüksək vəzifəli rəsmilər sağ qalıb, lakin baş müzakirəçinin oğlu və bir təhlükəsizlik əməkdaşı daxil olmaqla altı nəfər həlak olub.
Xatırladaq ki, Qətər dövləti ABŞ və Misirlə birlikdə 2023-cü ilin oktyabrından bəri 64 minədək fələstinlinin həyatına son qoyan İsrailin Qəzzaya qarşı soyqırımını dayandırmaq məqsədilə aparılan vasitəçilik səylərində mərkəzi rol oynayır.