Türkiyənin xarici işlər naziri Hakan Fidan 11–12 sentyabr tarixlərində İtaliyaya rəsmi səfər edəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Nazir H.Fidan səfər çərçivəsində İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşəcək. Tərəflər axırıncı dəfə 14–15 may tarixlərində Antalyada keçirilən NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısı zamanı bir araya gəlmişdi.
Bu səfər iki ölkə arasındakı yüksək səviyyəli təmasların davamı kimi qiymətləndirilir. 29 aprel tarixində rəsmi Roma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Corciya Meloninin həmsədrlik etdiyi dördüncü Türkiyə–İtaliya Hökumətlərarası Zirvə görüşünə ev sahibliyi etmişdi. Avqustun 1-də isə İstanbulda R.T.Ərdoğanın sədrliyi ilə Türkiyə–İtaliya–Liviya Üçtərəfli Liderlər Sammiti təşkil olunmuşdu.
Hakan Fidanın baş tutacaq rəsmi görüşlərlə yanaşı, İtaliyanın aparıcı düşüncə mərkəzlərindən biri olan “Istituto Affari Internazionali”də siyasət mövzusunda çıxış edəcəyi də gözlənilir.
Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, H.Fidan və A.Tayani arasındakı müzakirələrdə Türkiyə–İtaliya strateji tərəfdaşlığı, NATO çərçivəsində əməkdaşlıq, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti, eləcə də ikitərəfli ticarətdə 40 milyard dollarlıq hədəf ön plana çıxacaq.
Rəsmi Ankara həmçinin Türkiyə–Aİ Gömrük İttifaqının yenilənməsinin vacibliyini vurğulayacaq, enerji təhlükəsizliyi, infrastruktur əlaqələri və müdafiə sənayesi sahələrində birgə əməkdaşlıq imkanları qiymətləndirəcək.
Müzakirə ediləcək digər mövzulara qeyri-qanuni miqrasiya, elmi və texnoloji yeniliklər, NATO ilə bağlı məsələlər və Türkiyə–Avropa İttifaqı münasibətləri də daxildir. Tərəflərin həmçinin Liviya, Qəzza, Suriya, Ukrayna, İran və Afrika ilə bağlı regional məsələlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.
İki ölkə arasındakı münasibətlər
2024-cü ildə Türkiyə ilə İtaliya arasındakı ticarət dövriyyəsi 32,2 milyard dollara çataraq İtaliyanı Türkiyənin dünya üzrə beşinci, Avropa İttifaqı daxilində isə ikinci ən böyük ixrac bazarına çevirib. Romada keçirilən son hökumətlərarası zirvə görüşü zamanı liderlər ticarət dövriyyəsini 40 milyard dollara çatdırmaq hədəfini müəyyənləşdiriblər.
Qeyd edək ki, ölkələrarası əməkdaşlığın əsas istiqamətlərindən biri müdafiə və enerji sektorudur. Mart ayında Türkiyənin “Baykar” şirkəti İtaliyanın aviasiya nəhəngi “Leonardo” ilə pilotsuz uçuş aparatları (PUA) sahəsində tərəfdaşlıq razılaşması imzalayıb. İyun ayında isə “Baykar” İtaliyanın “Piaggio Aerospace” şirkətinin alınmasını yekunlaşdırıb. Türkiyənin “Eurofighter Typhoon” qırıcılarını əldə etməsi ilə bağlı danışıqlar da davam edir.
Enerji sahəsində isə hər iki ölkə Cənub Qaz Dəhlizində mərkəzi rol oynayır. 2020-ci ilin sonlarından bəri TANAP-la Türkiyə ərazisindən daşınan təbii qaz TAP xətti vasitəsilə İtaliyaya çatdırılır.
Siyasət və iqtisadiyyatdan əlavə, İtaliyada yaşayan təqribən 50 min nəfərlik türk icması ölkənin sosial və mədəni həyatında fəal iştirak edir. Turizm də vacib bir körpü rolunu oynayır. Belə ki, təkcə 2024-cü ildə 719 mindən çox italiyalı Türkiyəni ziyarət edib.