Avropa İttifaqı (Aİ) təhlükəsizliyin gücləndirilməsi məqsədilə yeni Avropa Təhlükəsizlik Fəaliyyəti (SAFE) proqramı çərçivəsində 150 milyard avro (175,6 milyard ABŞ dolları) məbləğində müdafiə fondunun ilkin bölgüsünü açıqlayıb.
Komissiyanın açıqlamasına görə, vəsait müdafiə hazırlığını gücləndirmək üçün dəstək istəyən 19 üzv dövlət arasında əvvəlcədən qərarlaşdırılacaq. Son məbləğlər isə hər bir ölkənin müdafiə layihələri və hazırlıq səviyyəsindən asılı olacaq.
Ən böyük payı 43,7 milyard avro ilə Polşa əldə edəcək. Onu Rumıniya (16,68 milyard avro), Fransa və Macarıstan (hər biri 16,21 milyard avro), İtaliya (14,9 milyard avro), Belçika (8,34 milyard avro), Litva (6,37 milyard avro), Portuqaliya (5,84 milyard avro) və Latviya (5,68 milyard avro) izləyir. Digər bölgülər isə belədir: Bolqarıstan – 3,26 milyard avro, Estoniya – 2,66 milyard avro, Slovakiya – 2,31 milyard avro, Çexiya – 2,06 milyard avro, Xorvatiya – 1,7 milyard avro, Cənubi Kipr – 1,18 milyard avro, İspaniya və Finlandiya – hər biri 1 milyard avro, Yunanıstan – 787 milyon avro, Danimarka – 46,7 milyon avro.
Qeyd edək ki, Aİ liderlərinin may ayında təsdiqlədiyi SAFE proqramı müdafiə sahəsindəki təcili ehtiyacların ödənilməsini sürətləndirmək məqsədilə rəqabətli şərtlərlə uzunmüddətli kreditlər təqdim edəcək. Proqram Avropa Komissiyasının “Avropanın Yenidən Silahlandırılması Planı / Hazırlıq 2030” təşəbbüsünün tərkib hissəsidir və 800 milyard avrodan çox müdafiə xərclərini səfərbər etməyi hədəfləyir.
Kreditlər yalnız Aİ üzvlərinə açıq olacaq. Bununla yanaşı, Ukrayna və Avropa İqtisadi Bölgəsi (AEA) və Avropa Azad Ticarət Assosiasiyası (EFTA) ölkələri də proqram çərçivəsində birgə alışlarda iştirak edə biləcəklər.