Rusiya dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstanda ilk atom elektrik stansiyasının tikintisinə başlayıb. Qazaxıstan və Rusiyanın nüvə qurumlarının birgə yaydığı bəyanatda bildirilib ki, böyük gücə malik atom elektrik stansiyasının tikintisi üçün ən uyğun ərazinin seçilməsi və layihə sənədlərinin hazırlanması məqsədilə tədqiqatlara start verilib.
Qazaxıstan Nüvə Agentliyinin rəhbəri Almasadam Satkaliyev deyib:“Bu layihə Qazaxıstan üçün strateji seçimdir və həm regional, həm də milli səviyyədə uzunmüddətli iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsidir.”
Qazaxıstan rəsmilərinin məlumatına görə, Çin də yeraltı sərvətlərlə zəngin ölkədə daha iki atom elektrik stansiyası tikəcək və bu layihələrin detalları ilin sonuna qədər açıqlanacaq.
Məlumata görə, Qazaxıstan Avropa İttifaqına xam uran tədarükündə üçüncü yerdədir.
Lakin ölkə daxilində elektrik enerjisi istehsalını artırmaq üçün çətinliklərlə üzləşir. Sovet dövründə aparılan nüvə sınaqları nəticəsində 1,5 milyon insan radiasiyaya məruz qaldığından nüvə enerjisi Qazaxıstanda həssas məsələ olaraq qalır.
Ölkənin ilk atom elektrik stansiyası Balxaş gölü yaxınlığında, qismən tərk edilmiş Ulken kəndi ərazisində tikiləcək. Tikintinin bir neçə il davam edəcəyi gözlənilir.
Rusiyanın Rosatom şirkəti reaktorun ömrünün 60 il olacağını və daha 20 il müddətinə uzadılmasının mümkünlüyünü açıqlayıb.
Fransa və Cənubi Koreya da Qazaxıstanda stansiyanın tikintisi üçün müqavilə hüquqları uğrunda rəqabət aparır, lakin Qazaxıstan obyektiv olaraq ən yaxşı təklifləri verənqonşuları Rusiya və Çinə üstünlük verdiyini bildirib.
Regional səviyyədə isə Rusiya Özbəkistanda atom elektrik stansiyası, Qırğızıstanda isə kiçikmiqyaslı reaktorun tikintisini planlaşdırır.