Çin Filippin dövlət başçısı Ferdinand Markosun Tayvanla bağlı verdiyi son açıqlamalarını “odla oynamaq” kimi qiymətləndirib.
Çin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Tayvanın Çinin ayrılmaz hissəsi olduğu vurğulanır. Bəyanatda deyilir:
“Biz Filippini Çin-Filippin diplomatik əlaqələrinin qurulması üzrə Birgə Bəyannamənin ruhuna sadiq qalmağa və Çinin əsas maraqlarına toxunan məsələlərdə odla oynamaqdan çəkinməyə çağırırıq.”
Çin bu sərt reaksiyasını Filippin prezidentinin Tayvanla bağlı Çin və ABŞ arasında münaqişə olsa, ölkəsinin coğrafi mövqeyi və adadakı vətəndaşları səbəbindən neytral qala bilməyəcəyini deməsindən sonra bildirib.
Markos Hindistana səfəri zamanı verdiyi müsahibədə Tayvan boğazındakı münaqişənin dərhal humanitar böhrana çevriləcəyini və ölkəsinin vətəndaşlarını təxliyə etmək üçün bütün imkanlarını səfərbər edəcəyini qeyd edib.
Çin Xarici İşlər Nazirliyi isə Tayvan məsələsinin Çinin daxili işi olduğunu və başqalarının müdaxiləsinə açıq olmadığını vurğulayıb. Nazirlik bəyan edib ki, Tayvan probleminin necə həll olunması yalnız Çin xalqının işidir.
Rəsmi Pekin Filippin liderlərinin Çinin “Vahid Çin” siyasətinə açıq şəkildə sadiq olduqlarını, lakin indi bu vəddən döndüklərini bildirib.
Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyi və Çinin Filippindəki səfirliyi məsələ ilə bağlı rəsmi addımlar atıb.