"The Wall Street Journal"ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında İsrailin Qətərdə Həmas nümayəndələrinə qarşı həyata keçirdiyi hücumdan əvvəl məlumatlandırılmamasına görə dərin məyusluq hissi keçirdiyini ifadə edib.
Jurnalın yaydığı hesabatda bildirilir ki, ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri Trampın Qətərin paytaxtı Dohada baş verən hücumla bağlı Netanyahuya açıq narazılığını çatdırdığını və Fələstin hərəkatının siyasi liderlərini hədəf almaq qərarını “ağılsızlıq” adlandırdığını deyiblər. Trampın hücum barədə ilk dəfə İsraildən deyil, ABŞ ordusundan öyrənməsi isə onun qəzəbinə səbəb olub.
Netanyahu isə həmin vaxt hücum üçün əlverişli bir imkanın yarandığını və bu imkandan yararlanmağa qərar verdiyini qeyd edib.
Rəsmilərin verdiyi məlumata görə, tərəflər arasında daha bir telefon danışığı da baş tutub. Trampın həmin söhbət zamanı Netanyahudan hücumun uğurlu olub-olmadığını soruşduğu, lakin Netanyahunun bu suala qəti cavab verə bilmədiyi bildirilir.
Rəsmi Doha hücum nəticəsində ‘‘Həmas’’ın beş üzvünün və bir qətərli mühafizəçinin həlak olduğunu açıqlayıb.
"The Wall Street Journal" yazır ki, Tramp, Netanyahunun ABŞ-la razılaşmadan belə aqressiv addımlar atmasının onu təkrar-təkrar çətin duruma saldığını qeyd edib və bu səbəbdən narazılığını bildirib.
Oxşar məlumatlarda qeyd olunur ki, Ağ Ev rəsmiləri Netanyahunun iyul ayında Suriyaya etdiyi hücumdan sonra dəli kimi davrandığını düşündüklərini bildiriblər.
Qətər isə sözügedən hücumu “qorxaqlıq” və “beynəlxalq hüququn açıq şəkildə pozulması” kimi qiymətləndirib.
Qətər ABŞ və Misirlə birlikdə 2023-cü ilin oktyabrından bəri Qəzzada davam edən müharibəyə son qoymaq üçün vasitəçilik səylərində mühüm rol oynayır.
Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Sani CNN-ə verdiyi müsahibədə bildirib ki, İsrailin hücumuna regional cavabla bağlı müzakirələr davam edir və bu məqsədlə yaxın günlərdə görüşün keçirilməsi planlaşdırılır.