Sentyabrın 12-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin dövlətinin tanınmasını və İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll prinsipi əsasında həllini nəzərdə tutan Nyu-York Bəyannaməsini təsdiq edən qətnamə qəbul edib.
“Fələstin probleminin sülh yolu ilə həlli və iki dövlətli həllin həyata keçirilməsinə dair Nyu-York Bəyannaməsinin təsdiqi” adlı qətnamənin lehinə 142 ölkə səs verib, 10 ölkə əleyhinə çıxış edib, 12 ölkə isə bitərəf qalıb.
Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə hazırlanan bəyannamə iyul ayında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən beynəlxalq konfrans zamanı 17 üzv dövlət tərəfindən imzalanmışdı.
Fransanın BMT-dəki daimi nümayəndəsi Jerome Bonnafon bəyannamə ilə bağlı deyib:
“Bu sənəd 2025-ci il 28–30 iyul tarixlərində Nyu-Yorkda keçirilən konfrans zamanı görülən işlərin nəticəsidir və 17 həmsədr ölkənin töhfəsi ilə hazırlanıb. Bəyannamə iki dövlətli həllə aparan yeganə yol xəritəsini təqdim edir’’.
Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur isə sənədə dəstək verən ölkələrə təşəkkür edərək deyib:
“Sülh istəyənlər bizə qoşulsun. İnsanları xilas etmək istəyənlər də bizə qoşulsun’’.
Qətnaməyə qarşı çıxan ölkələr arasında İsrail və ABŞ da var. İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon sənədi tənqid edərək bildirib:
“Bu qondarma bəyannamənin qəbul edilməsi real sülh təşəbbüsü sayıla bilməz’’.
ABŞ nümayəndəsi Morqan Ortaqus isə bəyan edib ki, bu sənəd münaqişəyə son qoymaq üçün göstərilən ciddi diplomatik səylərə zərbə vurur, ‘‘Həmas’’ı cəsarətləndirir və sülh perspektivlərinə xələl gətirir.