ABŞ dövlət katibi Marko Rubio İsrailin Qətərdə “Həmas” üzvlərini hədəf alan hücumunun Vaşinqtonla Təl-Əviv arasında münasibətlərə təsir göstərməyəcəyini bildirib.
M.Rubio sentyabrın 13-də Böyük Britaniya və İsrailə yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verib.
"Aydındır ki, biz bu hücumdan məmnun deyilik – prezident də eyni fikirdədir. Bu israillilərlə münasibətlərimizin xarakterini dəyişməyəcək. Lakin hücumun Qəzzada atəşkəsə nail olmaq səylərinə necə təsir göstərəcəyi mövzusu müzakirə olunmalıdır".
Xatırladaq ki, sentyabrın 9-da İsrailin Dohada təşkil etdiyi hücum zamanı “Həmas” liderləri hədəf alınıb. Hadisə nəticəsində 5 “Həmas” üzvü və bir qətərli təhlükəsizlik əməkdaşı həyatını itirib.
İsrailin 2023-cü ilin oktyabr ayından bəri Qəzzada törətdiyi hücumlar nəticəsində 64 mindən çox insan həlak olub.
Bu soyqırımı törədən Benyamin Netanyahu bildirib ki, Qətərdə yaşayan “Həmas” liderlərinin öldürülməsi girovların azad olunması və Qəzzadakı qətliamın dayandırılması qarşısındakı ən böyük maneəni aradan qaldıracaq.
B.Netanyahu rəsmi “X” (əvvəlki Twitter) səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib:"Qətərdəki ‘‘Həmas’’ liderləri Qəzza xalqının taleyinə əhəmiyyət vermirlər. Onlar müharibəni qeyri-müəyyən müddətə uzatmaq üçün bütün atəşkəs təşəbbüslərini əngəlləyiblər’’.
“Həmas” isə Dohaya edilən hücumu İsrailin atəşkəs danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirib və Qəzzadakı soyqırımın dayandırılması ilə bağlı mövcud şərtlərinin dəyişməyəcəyini bəyan edib.