Taliban Tramp administrasiyasının rəsmiləri ilə görüş zamanı əsir mübadiləsi ilə yanaşı, Əfqanıstan və ABŞ arasında münasibətlərin normallaşdırılması məsələsinin də müzakirə olunduğunu bildirib.
Talibanın yaydığı bəyanata görə, Əfqanıstan Müvəqqəti Hökumətinin xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Motaki Donald Trampın girovlarla iş üzrə xüsusi nümayəndəsi Adam Beler və Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad ilə görüşüb. Görüşün fotoları da yayımlanıb.
“İki ölkə arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları, vətəndaşlarla bağlı məsələlər və Əfqanıstanda investisiya imkanları ilə bağlı geniş müzakirələr aparılıb’’,-deyə bəyanatda qeyd olunub.
Görüşün yeri və vaxtı açıqlanmayıb. Məlumata əsasən, ABŞ nümayəndə heyəti görüş zamanı ötən ayın sonunda Əfqanıstanın şərqində baş verən zəlzələ ilə bağlı başsağlığı verib.
Hər iki tərəf əsas məsələlərdə, xüsusilə də ABŞ və Əfqanıstanda saxlanılan girovlarla bağlı əlaqə saxlamaq barədə razılığa gəlib.
Əfqanıstan Baş nazirinin müavini Əbdülqani Baradarın ofisinin görüşdən sonra yaydığı bəyanatda iki ölkə arasında məhbus mübadiləsinin həyata keçiriləcəyi bildirilib.
ABŞ dövlət katibi Marko Rubio isə bu xəbəri təsdiqləməsə də, Adam Belerin məsələ ilə bağlı müzakirələr apardığını qeyd edib.
M.Rubio deyib:“Əlbəttə, hər hansı mübadilə ilə bağlı qərar prezidentin səlahiyyətindədir. Ancaq biz amerikalıların və qanunsuz həbs edilənlərin azad olunmasını tam dəstəkləyirik. Buna görə də Adam Beler bunun necə mümkün olacağını anlamaq üçün oraya getdi’’.