Rusiya prezidenti Vladimir Putin Ukraynaya yerləşdiriləcək xarici qoşunların Moskva tərəfindən qanuni hədəf kimi qəbul ediləcəyini bildirib. O, vurğulayıb ki, əgər sülh razılaşması əldə olunarsa bu cür qüvvələrə artıq ehtiyac qalmayacaq.
Sentyabrın 5-də Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxış edən Vladimir Putin Parisdə keçirilən və Kiyevə hərbi dəstək verən ölkələrin iştirakı ilə baş tutan “könüllülər koalisiyası”nın görüşünə münasibət bildirib. Həmin ölkələr sülh müqaviləsindən sonra Ukraynaya qoşun yerləşdirməyi öhdələrinə götürüb.
V.Putin deyib: “Əgər uzunmüddətli sülhə aparan bir razılaşma əldə olunarsa, o zaman onların Ukrayna ərazisində yerləşdirilməsinin heç bir mənası yoxdur.”
Qeyd edək ki, Rusiya dəfələrlə NATO-nun genişlənməsi və Ukraynanın alyansa qoşulmaq niyyətini 2022-ci ilin fevralında başladığı genişmiqyaslı işğalın əsas səbəbi kimi göstərib.
Zelenski ilə birbaşa danışıqlar təklifi
V.Putin çıxışı zamanı Ukrayna prezidenti Volodimir Zelenskini birbaşa danışıqlara dəvət etdiyini bir daha xatırladıb və belə bir görüş üçün ən uyğun yerin Moskva olduğunu bildirib.
“Əgər kimsə bizimlə görüşmək istəyirsə, biz hazırıq. Bunun üçün ən yaxşı yer Rusiya Federasiyasının paytaxtı Moskvadır”, – deyə Volodimir Putin qeyd edib.
V.Putinin sözlərinə görə, Kiyev əvvəllər Rusiya ilə danışıqları rədd edib, lakin indi dialoqa maraq göstərir. O, həmçinin bildirib ki, Ukrayna nümayəndə heyətinin təhlükəsizliyinə tam zəmanət verəcəklər.
Bu açıqlamalar Moskvanın Qərbin Ukraynaya hərbi müdaxiləsinə qarşı xəbərdarlıqlarını davam etdirdiyini, eyni zamanda münaqişənin üçüncü ilində Rusiya tərəfinin danışıqlara açıq olduğu görüntüsünü yaratmağa çalışdığını göstərir.