Çinin reytinq agentliyi “CSCI Pengyuan” sentyabrın 5-də ABŞ-nin qara siyahısında olan Rusiyanın neft şirkəti “Gazprom”a yerli miqyasda “AAA” kredit reytinqi verib. Mətbuatda yayılan xəbərlərə görə, Pekin rəhbərliyinin iri Rusiya enerji şirkətləri üçün yerli istiqraz bazarını yenidən açmağa hazırlaşdığı bildirilir.
Məsələylə bağlı “CSCI Pengyuan” açıqlama verərək deyib: “Gazprom”un kredit reytinqi şirkətin strateji əhəmiyyətini və Rusiya hökuməti ilə olan hüquqi əlaqələrini əks etdirir. “Gazprom”un kredit profili qlobal neft və qaz sənayesindəki lider mövqeyi və Rusiyanın enerji bazarındakı mühüm rolu kimi güclü iş profili ilə dəstəklənir.”
Qeyd edək ki, Rusiya Çinin “Sibirin Gücü-2” boru kəmərinə razılıq verməsindən cəmi bir neçə gün sonra “Gazprom”un “AAA” reytinqi təsdiqlənib.
Xəbər verilir ki, “Gazprom” bu açıqlamanı ötən həftə Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri zamanı etmişdi.
“Financial Times” qəzetinin sentyabrın 7-də yaydığı xəbərə görə, Çinin yüksək maliyyə tənzimləyiciləri ötən ayın sonunda Rusiya enerji şirkətlərinin rəhbərlərinə yuan vasitəsilə “istiqraz” satmaq planlarını dəstəkləyəcəklərini bildiriblər. Çünki şirkətlər adətən Çində istiqraz satmazdan əvvəl kredit reytinqi alırlar.
Lakin “CSCI Pengyuan” “Gazprom”la bağlı yüksək geosiyasi risklərə də diqqət çəkib. Qeyd olunub ki, “Gazprom” 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra ABŞ tərəfindən sanksiyalara məruz qalıb.
Çinin reytinq agentliyi həmçinin bildirib ki, sanksiyalar və geosiyasi çətinliklər şirkətin fəaliyyətinə mənfi təsir göstərərək 2023-cü ildə qaz ixracı gəlirlərində və həcmlərində azalmaya səbəb olub.
Xatırladaq ki, ötən ay “CSCI Pengyuan” tamamilə Rusiya Federasiyasına məxsus olan orta ölçülü neft şirkəti “Zarubejneft”ə də “AAA” kredit reytinqi vermişdi.