Venesuela ABŞ prezidentinin Nikolas Maduronun saxlanılmasına səbəb olacaq məlumatlara görə mükafatın iki dəfə artırılması qərarını qətiyyətlə pisləyib və bu addımı “gülünc” adlandırıb.
Venesuela xarici işlər naziri Yan Qil ABŞ ədliyyə naziri Pam Bondinin mükafatın artırılması barədə yaydığı bəyanata münasibət bildirib. O, bu qərəri “acınacaqlı göz boyaması” kimi qiymətləndirib.
Pam Bondi bildirib ki, ABŞ Nikolas Maduronun saxlanılmasına səbəb olacaq məlumatlara görə 50 milyon dollar mükafat təklif edir. Nazir Maduronun dünyanın ən böyük narkotik tacirlərindən biri olduğunu və ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığını iddia edib.
Bondi rəsmi “X” səhifəsində etdiyi paylaşımda Maduronun Venesueladakı ‘‘Tren de Aragua’’ tayfası və Meksikadakı Sinaloa karteli kimi cinayət qrupları ilə əməkdaşlıq etdiyini, irimiqyaslı narkotik ticarəti və mütəşəkkil cinayət əməliyyatlarına rəhbərlik etdiyini vurğulayıb.
Ədliyyə naziri həmçinin bildirib ki, ABŞ Maduro ilə əlaqəli 700 milyon dollardan artıq aktivləri dondurub.
Nikolas Maduro 2020-ci ildən bəri ABŞ-ın federal məhkəməsində narkotik ticarəti ittihamı ilə mühakimə olunur.
ABŞ Dövlət Departamenti əvvəlcə onun saxlanılması üçün 15 milyon dollar mükafat təklif etmişdi, daha sonra bu məbləği 25 milyon dollara yüksəltmişdi. Venesuela hökuməti isə bu addımı daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir.
ABŞ Maduronu insan hüquqlarını pozmaqda, korrupsiyada və siyasi müxalifəti sıxışdırmaqda ittiham edir. Venesuela isə bu iddiaları rədd edir və ABŞ-ın sanksiyalarını hökuməti devirməyə yönəlmiş “iqtisadi müharibə” adlandırır.
Böyük neft ehtiyatlarına sahib olan Venesuela bir vaxtlar Latın Amerikasının ən zəngin ölkəsi idi.