Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İsrailin davam edən hücumları və humanitar yardımların demək olar ki, tamamilə bloklanması səbəbilə Qəzzada hər gün orta hesabla 28 uşağın həyatını itirdiyini açıqlayıb.
Bu barədə UNICEF-in rəsmi “X” səhifəsində edilən paylaşımda bildirilib. Paylaşımda aşağıdakı ifadələrə yer verilib:
“Bombardmanlarla ölüm. Qida çatışmazlığı və aclıqdan ölüm. Yardım və həyati əhəmiyyət kəsb edən xidmətlərin olmaması səbəbindən ölüm. Qəzzada hər gün orta hesabla 28 uşaqla dolu bir sinif ölür.”
UNICEF təcili humanitar yardımın təmin olunmasına və döyüşlərin dərhal dayandırılmasına çağırıb. Təşkilat bildirib ki, Qəzzadakı uşaqların qidaya, təmiz suya, dərmanlara və müdafiəyə ciddi ehtiyacı var. “Hər şeydən əvvəl, onların atəşkəsə ehtiyacı var”,-deyə bəyanatda qeyd olunub.
İsrailin Qəzzada törətdiyi soyqırım
2023-cü il oktyabrın 7-dən etibarən İsrail Qəzzada soyqırım törətməkdə davam edir.
Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək təxminən yarısı qadın və uşaqlar olmaqla 61 min fələstinli öldürülüb, on minlərlə insan isə yaralanıb.
Müharibə nəticəsində Qəzzanın səhiyyə və gigiyena infrastrukturu demək olar ki, tamamilə məhv edilib. Xəstəxanaların əksəriyyəti fəaliyyətini dayandırmağa məcbur olub və bölgə aclıq həddinə çatıb.
Yardım təşkilatları bildirir ki, İsrailin sərhəd keçidlərinə tətbiq etdiyi məhdudiyyətlər səbəbindən ərzaq, dərman və yanacaq daşınması ciddi şəkildə çətinləşib.
Beynəlxalq aləmdə atəşkəs çağırışları artmaqda davam etsə də, İsrailin hücumları və törətdiyi soyqırım dayanmır.
UNICEF və digər humanitar təşkilatlar bildirir ki, zorakılıq dayandırılmasa Qəzzada onsuz da fəlakətli səviyyədə olan uşaq ölüm nisbəti daha da artacaq.