Pakistanda iyunun sonundan avqustun əvvəlinədək davam edən güclü musson yağışları nəticəsində baş verən daşqınlar təxminən 300 nəfərin həyatına son qoyub, 1.600-dən çox evə ciddi ziyan dəyib. Mütəxəssislər bu fəlakətin iqlim dəyişikliyinin təsiri ilə daha da şiddətləndiyini bildirirlər.
Beynəlxalq tədqiqatçılardan ibarət “World Weather Attribution” (WWA) qrupu tərəfindən hazırlanan hesabatda qeyd olunur ki, 24 iyun–23 iyul tarixləri arasında Pakistanda müşahidə olunan intensiv yağışlar iqlim dəyişikliyi səbəbindən 10–15 faiz daha güclü olub. Bu səbəbdən həm şəhər, həm də kənd yerlərində çoxsaylı tikililər dağılıb.
Pakistan hökumətinin məlumatına əsasən, iyunun 26-dan bu yana ölkənin müxtəlif bölgələrində qeydə alınan sel, leysan və digər ekstremal hava hadisələri nəticəsində təxminən 300 nəfər ölüb, minlərlə insan evsiz qalıb.
İslamabadda fəaliyyət göstərən iqlim tədqiqatçıların sözlərinə görə, son dövrdə baş verən ekstremal hava hadisələrinin artması qlobal istiləşmənin nəticəsidir. Həmçinin ekspertlər son həftələrdə təkcə Pakistanda deyil, bütün Cənubi Asiyada təəccüb doğuran hadisələrin müşahidə olunduğunu bildiriblər. Belə ki, 2050-ci ildə baş verməsi gözlənilən hadisələrin bir çoxunun artıq 2025-ci ildə reallaşdığı qeyd olunub.
Şiddətli musson yağışları Himalay dağ silsiləsini əhatə edən beş ölkədə bir sıra fəlakətlərə səbəb olub. Nepal ilə Çin arasında yerləşən strateji körpü və bir neçə su elektrik bəndi daşqın səbəbilə zədələnib. Hindistanın şimalındakı bir kənddə baş verən sel və torpaq sürüşməsi isə təxminən dörd nəfərin ölümünə, yüzlərlə insanın isə itkin düşməsinə yol açıb.
İqlim fövqəladə vəziyyəti
“WWA” tərəfindən dərc olunan araşdırmada qeyd olunur ki, daha isti atmosfer daha çox nəmlik saxlayır və bu, daha intensiv yağışların yağması deməkdir. Londondakı İmperial Kollecinin Ətraf Mühit Siyasəti Mərkəzinin tədqiqatçısı və “WWA” hesabatının baş müəllifi Mariam Zəkəriyyə bildirib ki, havanın hər 0,1 dərəcə istiləşməsi daha güclü mussonlara səbəb olur.
Pakistan atmosferdəki istiliyin artmasına səbəb olan qazların cəmi 1 faizindən azına görə məsuliyyət daşısa da, araşdırmalar ölkənin iqlim fəlakətlərindən qeyri-mütənasib şəkildə zərər çəkdiyini ortaya qoyur.
2022-ci ildə Pakistan tarixinin ən dağıdıcı musson mövsümünü yaşayıb. Həmin il baş verən daşqınlar nəticəsində 1.700-dən çox insan həlak olub, ölkəyə dəyən maddi ziyanın dəyəri isə 40 milyard dollardan çox qiymətləndirilib.
BMT bildirir ki, iqlim dəyişikliyinin yaratdığı itki və zərərlərlə mübarizə üçün yaradılmış beynəlxalq maliyyə fondları, Pakistan kimi ölkələrin bu təsirlərlə baş etməsi üçün yetərli deyil. BMT həmçinin vurğulayır ki, iqlim dəyişikliklərinə uyğunlaşma məqsədilə yaradılan fondlara, xüsusən də ABŞ və Avropa kimi əsas çirkləndirici ölkələrin töhfəsi kifayət qədər deyil.