Myanmanın müvəqqəti prezidenti Myint Sve 74 yaşında vəfat edib. Bu barədə məlumatı ölkənin Milli Müdafiə və Təhlükəsizlik Şurası yayıb.
Yerli mediada yer alan xəbərlərə əsasən, Myint Sve paytaxt Naypyida şəhərində yerləşən hərbi hospitalın reanimasiya şöbəsində müalicə olunurdu. Bildirilir ki, o, kritik vəziyyətdə idi.
2023-cü ilin əvvəlindən etibarən hərəkətlərində yavaşlama və qida qəbulunda çətinlik yaşayan Myint Sveyə aparılan müayinələr nəticəsində Parkinson xəstəliyi və bu xəstəliklə bağlı digər nevroloji pozuntular diaqnozu qoyulmuşdu. Aprel ayında o, Sinqapurun “Mount Elizabeth” Tibb Mərkəzində müalicə almışdı.
Xatırladaq ki, Myint Sve 2021-ci ilin fevralında Aun San Su Kyin hökumətinə qarşı keçirilən hərbi çevrilişin ardından ordu tərəfindən müvəqqəti prezident təyin olunmuşdu.