ABŞ prezidenti Donald Tramp Rusiyanın hücumlarına məruz qalan Ukraynaya daha çox silah göndəriləcəyini bildirib.
İyulun 7-də Ağ Evdə jurnalistlərə açıqlama verən Donald Tramp qeyd edib ki, Ukrayna Rusiyanın ağır hücumlarına məruz qalır və özünü müdafiə edə bilməlidir. O, ABŞ-ın əsasən müdafiə xarakterli silahlar göndərəcəyini vurğulayıb.
D.Tramp daha əvvəlki çıxışında Ukraynanın özünü müdafiə edə bilməsi üçün “Patriot” raket sistemlərinə ehtiyac duyduğunu demişdi. Lakin son bəyanatında bu məsələyə toxunmayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu ilə şam yeməyi öncəsi çıxış edən ABŞ lideri deyib:
"Daha çox silah göndərəcəyik. Məcburuq. Ukraynalılar özlərini müdafiə etməyi bacarmalıdır. Onlara hazırda çox güclü və ağır zərbələr endirilir. Biz daha çox silah göndərməliyik."
Donald Tramp həmçinin Rusiya prezidenti Vladimir Putinin müharibəni dayandırmamasından məyus olduğunu və mövcud vəziyyətdən narahat olduğunu qeyd edib.
İyulun 4-də ABŞ prezidenti ilə telefon danışığından sonra açıqlama verən Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, o və D.Tramp Kiyevin müdafiə imkanlarını gücləndirmək üçün birgə əməkdaşlıq barədə razılığa gəliblər. V.Zelenski eyni zamanda Tramp ilə birgə müdafiə sənayesi, satınalma və investisiya sahələrində əməkdaşlığı müzakirə etdiklərini də qeyd edib.
Ukrayna tərəfi Vaşinqtondan daha çox “Patriot” raket sistemlərinin satışını tələb edir. Rəsmi Kiyev bu sistemləri şəhərləri Rusiyanın intensivləşən hava hücumlarından qorumaq üçün əsas vasitə hesab edir.
Qeyd edək ki, ABŞ-ın Ukraynaya bəzi silah tədarüklərini müvəqqəti dayandırması, Kiyevin Rusiya hücumlarına və döyüş meydanında mümkün irəliləyişlərə qarşı müdafiəsinin zəifləyə biləcəyi ilə bağlı narahatlıqlara səbəb olub. Almaniya isə Ukrayna üçün əlavə “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükü məqsədilə danışıqlar apardığını açıqlayıb.