Prezident Ərdoğan Ankaranın hazırda təqribən 50 milyard dollar olan Çinlə ticarət həcmini “balanslı və davamlı şəkildə” artırmağı hədəflədiyini ifadə edərək, ticarət kəsirinin azaldılmasında maraqlı olduğunu bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının 25-ci sammiti çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Say Ci ilə görüşüb. Görüşdə Ankaranın Pekinlə əlaqələrini dərinləşdirmək səyləri vurğulanıb.
Tiencin Qonaq Evində təşkil edilən iş yeməyi Ərdoğanın bir gün əvvəl Çin sədri Si Cinpinlə apardığı ikitərəfli danışıqlardan sonra baş tutub.
Ərdoğan “Dünən keçirilən görüşümüzdə ölkənizlə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmində olduğumuzu dövlət sədri Si Cinpiyə vurğuladıq” deyib.
Ərdoğan Türkiyənin Çin ilə çoxtərəfli platformalarda əlaqələri gücləndirməyi hədəflədiyini ifadə edərək, "Biz də bu əməkdaşlığı Birləşmiş Millətlər Təşkilatı, G20 və BRİKS kimi platformalarda gücləndirmək istəyirik. Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrimizin inkişafı üçün davamlı dəstəyinizi gözləyirik" deyib.
Ərdoğan iqtisadi əlaqələr çərçivəsində rəsmi Ankaranın Çinlə ticarət həcmini “balanslı və davamlı şəkildə” artırmağı hədəflədiyini ifadə edərək, ticarət kəsirini azaltmaq niyyətini ortaya qoyub.
İclasda həmçinin xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömer Bolat, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak ediblər.
Ərdoğan-Si Cinpin görüşü
Ərdoğan avqustun 31-də Tiencində ikitərəfli görüş zamanı Çin sədri Si Cinpinlə görüşüb.
Si Cinpin görüş zamanı Türkiyənin "özünə güvənmə və özünü təmin etmə ruhunu" yüksək qiymətləndirib və ölkənin yüksələn güc kimi artan rolunu vurğulayıb.
Çin lideri vurğulayıb ki, həm Çin, həm də Türkiyə Qlobal Cənubun mühüm üzvləri kimi müstəqillik və özünü təmin etmək öhdəliyini bölüşür.
Si ölkəsinin "Bir Kəmər və Yol Təşəbbüsü" ilə Türkiyənin Orta Dəhliz layihəsi arasında daha sıx uyğunlaşmaya çağırıb və koordinasiyalı inkişafın ikitərəfli əlaqələri gücləndirəcəyini və hər iki ölkənin əsas maraqlarına xidmət edəcəyini bildirib. O, həmçinin qeyd edib ki, bu əməkdaşlıq Qlobal Cənubun daha geniş məqsədlərinə nail ola bilər.
Çin lideri vurğulayıb ki, iki ölkə bu sülh, inkişaf və əməkdaşlıq dövründən istifadə etməli, Çin-Türkiyə strateji tərəfdaşlığını inkişaf etdirməli və daha ədalətli və bərabər qlobal idarəetmə sisteminin qurulmasına birgə töhfə verməlidir.