SİYASƏT
2 dəqiqə oxuma
R.T.Ərdoğan Çində keçirilən ŞƏT Zirvəsi çərçivəsində İ.Əliyev və N.Paşinyanla görüş keçirib
ŞƏT Zirvəsi çərçivəsində keçirilən görüşlərdə sülh prosesi, regional sabitlik və enerji-nəqliyyat əməkdaşlığı müzakirə olundu
R.T.Ərdoğan Çində keçirilən ŞƏT Zirvəsi çərçivəsində İ.Əliyev və N.Paşinyanla görüş keçirib
Türkiyə Prezidenti R.T.Ərdoğan - Azərbaycan Prezidenti İ.Əliyev / AA
5 saat əvvəl

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin Tiencin şəhərində təşkil olunan 25-ci Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) dövlət başçıları şurası Zirvəsi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirib. Bu görüşlər rəsmi Ankaranın regional diplomatiyadakı fəal rolunu bir daha ortaya qoyub.

Türkiyə Prezident Administrasiyasının sosial media platforması “NEXT Sosial’ üzərindən yaydığı açıqlamaya görə, liderlər Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)  Zirvəsi zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələləri də müzakirə ediblər.

Prezident R.T.Ərdoğan Ermənistanla Azərbaycan arasındakı sülh prosesində əldə olunan irəliləyişi məmnuniyyətlə qarşıladığını bildirib və Türkiyənin bu prosesə dəstəyini davam etdirəcəyini vurğulayıb. O həmçinin, yaxın dövrdə Türkiyə və Azərbaycanın regional inkişaf təşəbbüslərini koordinasiya etmələrinin vacibliyinə diqqət çəkib. Ölkə başçısı xüsusilə enerji və nəqliyyat sahələri başda olmaqla bir çox istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi üçün addımlar atılacağını qeyd edib.

Tərəflər arası görüş R.T.Ərdoğanın qaldığı oteldə baş tutub. Toplantıda Türkiyənin xarici işlər naziri Hakan Fidan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak ediblər.

 

Cənubi Qafqazda sülh müzakirə olunub

R.T.Ərdoğan Zirvə çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla da görüşüb. Bu, iki ölkə başçısı arasındakı nadir təmaslardan biri kimi diqqət çəkib.

Prezident Administrasiyasının açıqlamasında bildirilib ki, görüşdə Türkiyə-Ermənistan münasibətləri müzakirə olunub, Cənubi Qafqazda daimi sülh və sabitliyin təmin edilməsi istiqamətində atıla biləcək addımlar nəzərdən keçirilib.

R.T.Ərdoğan Ermənistanla Azərbaycan arasında sülh prosesində əldə edilən nailiyyətləri müsbət qiymətləndirərək Türkiyənin bölgədə sülh, sabitlik və inkişaf səylərinə dəstəyini davam etdirəcəyini bir daha ifadə edib. O həmçinin, Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın artırılmasına yönəlik imkanların da dəyərləndirildiyini vurğulayıb.

Xəbər verildiyi kimi, prezident R.T.Ərdoğan avqustun 31-də Çinə səfər edib və həmin gün Çin dövlət başçısı Si Cinpin və Pakistanın Baş naziri Şahbaz Şəriflə də ikitərəfli görüşlər keçirib. Prezidentin diplomatik gündəliyi, regional dinamiklərin dəyişdiyi bir vaxtda rəsmi Ankaranın Asiyada təsirini artırmaq cəhdlərini əks etdirir.

 

Çindəki ŞƏT Zirvəsi

25-ci Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Zirvəsi sentyabrın 1-də (bu gün) Çin Xalq Respublikası rəhbəri Si Cinpinin açılış nitqi ilə rəsmi olaraq başlayıb. Əvvəlcə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistandan ibarət “Şanxay Beşliyi” kimi formalaşan təşkilata sonradan Özbəkistan da qoşularaq altıncı üzv olub.

Qeyd edək ki, hazırda ŞƏT Asiya, Avropa və Afrikanı əhatə edən 10 üzv dövlətə, 2 müşahidəçiyə və 14 dialoq tərəfdaşına sahibdir. Təşkilat dünya ərazisinin təxminən 24 faizini və dünya əhalisinin 42 faizini təmsil edir. Üzv ölkələr qlobal ümumi daxili məhsulun təqribən dörddə birini təşkil edir. Son iyirmi ildə təşkilat daxilindəki ticarət həcmi isə demək olar ki, 100 dəfə artıb.

 

MƏNBƏ:TRT
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us