ABŞ prezidenti Donald Trampın Hindistan mallarına 50 faizə qədər gömrük rüsumu tətbiq etməsindən sonra Yeni Dehli rəhbərliyi Vaşinqton hökuməti ilə ikitərəfli ticarət sazişi üzərində müzakirələr apardıqlarını açıqlayıb. ABŞ-ın tədbiq etdiyi bu rüsumlar, Hindistanın Rusiyadan neft idxalını davam etdirməsinə görə əlavə 25 faiz cərimə xarakteri daşıyır.
Hindistan ticarət və sənaye naziri Piyuş Qoyal sentyabrın 2-də (bu gün) paytaxt Dehlidə keçirilən tədbirdə çıxış edərək deyib: “ABŞ ilə ikitərəfli ticarət sazişi üçün dialoq aparırıq.”
P.Qoyal həmçinin Vaşinqtonun tətbiq etdiyi gömrük rüsumlarını ədalətsiz, haqsız və əsassız kimi qiymətləndirib. ABŞ-ın qlobal inkişafı nəzərə almadan cəza xarakterli ticarət tədbirlərinə əl atmasını isə tənqid edib. Nazir P.Qoyal birbaşa ad çəkməsə də, bu sözlərlə açıq şəkildə ABŞ-ı nəzərdə tutub.
Rüsumlar Hindistana təzyiq vasitəsinə çevrilib
Ötən ay qüvvəyə minən bu gömrük tarifləri qismən Hindistanı Rusiyadan enerji idxalını azaltmağa məcbur etmək məqsədi daşıyır.
ABŞ prezidenti Donald Tramp daha əvvəl ticarət danışıqlarının nəticəsiz qalmasından sonra Hindistan ixracatına 25 faizlik baza rüsumu tətbiq etmiş, bu da tərəflər arasındakı gərginliyi artırmışdı.
Prezident D.Tramp sentyabrın 1-də Hindistanı yenidən sərt tənqid edərək, “Truth Social” platformasında iki ölkə arasındakı ticarət münasibətlərini fəlakət adlandırıb.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə D.Trampın həmin paylaşımının görüntüsünü “X” sosial şəbəkəsində yayımlayıb.
D.Tramp paylaşımında Hindistanın uzun müddətdir ABŞ mallarına dünyanın ən yüksək gömrük rüsumlarından birini tətbiq etdiyini, bunun isə Amerika şirkətlərinin Hindistan bazarında rəqabət aparmasını mümkünsüz hala gətirdiyini bildirib. O, həmçinin Yeni Dehlidən rüsumları sıfıra endirməklə bağlı təklif gəldiyini, lakin bunun artıq gec olduğunu bildirib.