Danimarkanın Ali Məhkəməsi avqustun 27-də Suriyada DEAŞ-la qruplaşmasında olduğunu təsdiqləyən, lakin bunu Danimarka kəşfiyyatı üçün agent qismində etdiyini deyən Suriya əsilli Danimarka vətəndaşı Əhməd Samsamın işinə dair qərar açıqlayacaq.
Əgər onun iddiası öz əksini taparsa, Ə.Samsam 2018-ci ildə İspaniyada DEAŞ üzvlüyünə görə aldığı səkkiz illik həbs hökmünün ləğvini tələb edə bilər.
Ə.Samsamın vəkili Rene Offerson bildirib ki, Ali Məhkəmənin müsbət qərarı müştərisinə İspaniya məhkəməsinin hökmünə yenidən baxılması üçün müraciət imkanı yaradacaq.
Lakin məsələni çətinləşdirən əsas məqam odur ki, Danimarka kəşfiyyat orqanları təhlükəsizlik səbəbi ilə informatorlarının şəxsiyyətini təsdiqləməkdən və ya inkar etməkdən imtina edir.
Qeyd edək ki, Madrid məhkəməsi tərəfindən səkkiz il həbs cəzasına məhkum edilən Ə.Samsam cəzasının böyük hissəsini Danimarkada çəkib və 2023-cü ildə azadlığa buraxılıb. O, hər hansı terror fəaliyyətində iştirakını inkar edir və bildirir ki, 2013–2014-cü illərdə Suriyaya səfərləri Danimarka Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin (DSIS), daha sonra isə Danimarka Müdafiə Kəşfiyyat Xidmətinin (DDIS) tapşırığı ilə olub.
Onun iddiaları aşağı instansiya məhkəməsinə təqdim edilən şahid ifadələri və jurnalist araşdırmaları ilə dəstəklənib.
Məsələylə bağlı müttəhimin vəkili R.Offerson deyib: “Məncə, Ali Məhkəmənin Ə.Samsamın xeyrinə qərar çıxarması kəşfiyyat xidmətləri üçün böyük çətinlik yaratmaz. Bu, sadəcə olaraq, hər kəsin bildiyi bir faktın, yəni Ə.Samsamın agent olduğunun təsdiqi olardı.”
Cənubi Danimarka Universitetinin hüquq professoru Frederik Vage isə belə təsdiqin “sensasiya” olacağını deyib: “Bu, kəşfiyyat agentliklərinin fəaliyyətinə indiyə qədər görünməmiş müdaxilə olardı.”
Professor əlavə edib ki, mənbələrin anonim saxlanılması kəşfiyyat xidmətləri üçün həyati əhəmiyyət daşıyır, lakin Ə.Samsamın məsələsində bu arqumentlər zəifdir, çünki onun agent olduğu uzun müddətdir ki, ictimai sirrdir.
Əhməd Samsam DEAŞ ittihamı ilə yanaşı, başqa hüquqi problemlərlə də üzləşir. Belə ki, sentyabrın 1-də Kopenhagen apellyasiya məhkəməsi onun polis əməkdaşına qarşı zorakılıq ittihamı üzrə üç aylıq həbs hökmünü qüvvədə saxlayıb.