İsrail ordusunun Baş Qərargah rəisi Nazirlər Kabinetinə xəbərdarlıq edib ki, Qəzzanı ələ keçirmə planları İsraili uzunmüddətli hərbi hakimiyyətə sürükləyə bilər. Bu isə, yüksək səviyyəli rəsmilər arasında qızğın müzakirələrə səbəb olub.
İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir müharibənin növbəti mərhələsi ilə bağlı Nazirlər Kabinetinin iclasında xəbərdarlıq edib ki, İsrailin Qəzzanı ələ keçirmək planı ölkəni ərazinin tam miqyaslı işğalına sürükləmək riski daşıyır.
"The Times of İsrael" xəbər saytı "Ynet" xəbər saytına əsaslanaraq E. Zamirin bu sözlərini çatdırıb: "Hərbi hökumətə doğru irəliləyirsiniz. Planınız bizi ora aparır. Nəticələrini başa düşün".
E.Zamir qeyd edib ki, Qəzza şəhərindən sonra Qəzzanın mərkəzindəki qaçqın düşərgələri də ələ keçiriləcək və bu, ordunun nəzarətini daha da dərinləşdirəcək.
Bununla belə, İsrail hökumətinin katibi Yossi Fuks Qəzzada hərbi hökumətin qurulması ilə bağlı heç bir qərarın verilmədiyini bildirərək, bu sözlərə etiraz edib.
Milli təhlükəsizlik naziri İtamar Ben Qvir hərbi idarəçilik əvəzinə “könüllü köç” təşviq etməyi təklif edib.
E.Zamirin nəticələri nəzərdən keçirmək üçün dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, kabinetin digər ifrat sağçı üzvü, maliyyə naziri Bezalel Smotric qərarın qəti olduğuna təkid edib.
Ben Qvir kabinetin əksəriyyətinin qismən girov razılaşmasına qarşı çıxdığını nümayiş etdirmək üçün səsvermənin keçirilməsini istəyib, lakin İsrailin Baş naziri Benyamin Netanyahu heç bir razılaşmanın masada olmadığını bildirərək tələbi rədd edib.
İsrail bəyan edib ki, yalnız HƏMAS-ın tərksilah edilməsi və bütün girovların azad edilməsini ehtiva edən hərtərəfli razılaşmanı qəbul edəcək.