Fransa prezidenti Emmanuel Makron BMT-nin İsrail-Fələstin münaqişəsi ilə bağlı yüksək səviyyəli iclası öncəsi ABŞ-ın Fələstin rəsmilərinə viza verməkdən imtina qərarını tənqid edərək, bu addımı “qəbuledilməz” adlandırıb.
Makron sentyabrın 2-də "X" sosial media platformasında etdiyi paylaşımda "ABŞ-ın Fələstin rəsmilərinə viza verməmək qərarı qəbuledilməzdir. Bu addımın geri çəkilməsini və Ev Sahibi Ölkə Müqaviləsinə uyğun olaraq Fələstinin təmsilçiliyinin təmin edilməsini tələb edirik" deyib.
Makron sentyabrın 22-də Nyu-Yorkda keçiriləcək İki Dövlətli Həll Konfransına həmsədrlik edəcəyi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşdüyünü bildirərək deyib: “Məqsədimiz aydındır: həm israillilərin, həm də fələstinlilərin qanuni istəklərinə cavab verə biləcək yeganə yol olan iki dövlətli həll üçün mümkün olan ən geniş beynəlxalq dəstəyi toplamaq”.
Fransa prezidenti vurğulayıb ki, daimi atəşkəs, bütün girovların azad edilməsi, Qəzzaya irimiqyaslı humanitar yardımın çatdırılması və regionda sabitləşdirmə missiyasının yeridilməsi sülh üçün ilkin şərtlərdir.
O, həmçinin Fələstinin müqavimət qruplaşması HƏMAS-ın tərksilah edilməli və Qəzza administrasiyasından kənarlaşdırılmasının və paralel olaraq Fələstin Administrasiyasının gücləndirilməsinin və islahatlarlar aparılmasının vacibliyini vurğulayıb.
Makron “Heç bir hücum, ilhaq cəhdi və ya əhalinin məcburi köçürülməsi vəliəhd şahzadə ilə yaratdığımız və bir çox tərəfdaşın artıq qoşulduğu sürəti poza bilməz” deyib.
Makronun sözlərinə görə, konfrans regionda sülh və təhlükəsizlik üçün “həlledici dönüş nöqtəsi” olmağı hədəf götürüb.
Qeyd edək ki, ötən həftə Vaşinqton Fələstin prezidenti Mahmud Abbas da daxil olmaqla yüksək vəzifəli Fələstin rəsmilərinin vizalarını ləğv edərək, onların BMT iclasları üçün Nyu-Yorka getməsinə mane olub. Bu, bir çox Avropa ölkələrinin Fələstin Dövlətini tanımağa hazırlaşdığı bir vaxta təsadüf edir.
İsrail 2023-cü ilin oktyabr ayından Qəzzada 63 min 500-dən çox fələstinlini öldürüb. Bu soyqırım hücumları hazırda aclıqdan əziyyət çəkən Qəzzanı xarabalığa çevirib.
Keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzzada törətdiyi hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbs olunmasına order verib.
İsrail həmçinin Qəzzada apardığı müharibəyə görə Beynəlxalq Ədalət Məhkəməsində soyqırım işi ilə qarşı-qarşıyadır.