Pakistanın şimal-qərbindəki Xeybər Paxtunxva əyalətində terrorçuların həyata keçirdiyi bir sıra hücumlar nəticəsində beş polis əməkdaşı həlak olub, səkkizi isə yaralanıb. Hadisələrin məsuliyyətini “Təhriki-Taliban Pakistan” (TTP) qruplaşması öz üzərinə götürüb.
Rəsmi məlumatlara əsasən, avqustun 14-də (bu gün) baş verən dörd hücumun üçündə polis əməkdaşları birbaşa hədəf alınıb. Ən ağır itki Yuxarı Dir bölgəsində səhər saatlarında baş verib. Silahlı şəxslərin polis patrul maşınına pusqu qurması nəticəsində üç polis həlak olub, yeddi nəfər yaralanıb.
Bölgənin digər bir qəsəbəsində isə silahlı şəxslər avtomatik silahlarla polis məntəqəsinə atəş açıblar. Paytaxt Polis İdarəsinin rəisi Qasım Əli Xan bildirib ki, atışma zamanı bir polis əməkdaşı həlak olub, digəri yaralanıb.
Qeyd edək ki, 2007-ci ildən fəaliyyət göstərən TTP silahlı qruplaşması Pakistan dövlətini devirmək və özünün İslam qanunları modelini tətbiq etmək məqsədilə silahlı mübarizə aparır. Qruplaşma 2022-ci ilin sonunda hökumətlə əldə edilmiş atəşkəsi pozduqdan sonra hücumlarını intensivləşdirib.
Pakistan Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, TTP 2024-cü ildə ölkə üzrə 335 hücum həyata keçirib və bu hücumlar nəticəsində 520 nəfər həlak olub.