Belçikanın paytaxtı Brüsseldə yerləşən aşağı instansiya məhkəməsi Antverpen limanından İsrailə göndərilən hərbi yüklərlə bağlı qərarında “soyqırım” ifadəsini 16 dəfə işlədərək, BMT-nin Soyqırımı Konvensiyasına dörd dəfə istinad edib. Tarixi xarakter daşıyan bu qərarla məhkəmə Qəzzada İsrail hökumətinin “soyqırım xarakterli hərəkətləri” səbəbilə liman vasitəsilə həyata keçirilən silah daşınmasını dayandırıb.
Ötən ay çıxarılan qərarda məhkəmə BMT-nin Soyqırımı Konvensiyası və digər beynəlxalq sənədlərə əsaslanaraq Flaman regional hökumətinə İsrailə hərbi avadanlıqların tranzit daşınmasını dərhal dayandırma göstərişi verib. Qərar dörd Flaman QHT-si “Vredesactie”, “INTAL”, “11.11.11” və “İnsan Haqları Liqası” tərəfindən açılan iddia əsasında qəbul olunub. İddiaçılar Antverpen üzərindən göndərilən bəzi hərbi sursatların İsrail tank və zirehli texnikalarında istifadə edildiyini, bunun isə Qəzzada baş verən “soyqırım” hadisələrinə birbaşa dəsdək verdiyini bildiriblər.
Məhkəmə İsrailin “Ashot Ashkelon Industries” şirkətinə göndərilməli olan silah-sursat partiyasını dayandırıb və bu tip yüklərin gələcək daşınmalarına tam qadağa qoyub. Qərara əsasən, hər pozuntuya görə 50 min avro (təxminən 58,6 min dollar) cərimə tətbiq ediləcək. Beləliklə, Flaman rəhbərliyi Qəzzada soyqırım, insanlığa qarşı cinayətlər və ya müharibə cinayətləri riski davam etdiyi müddətcə İsrailə hərbi təyinatlı malların tranzitinə icazə verməyəcək.
Hakimin qərarında “soyqırımın qarşısını almaq və Qəzzadakı mülki həyatı qorumaq iqtisadi maraqlardan üstündür” ifadəsinə yer verilib.
Qeyd edək ki, qərar Qəzzadakı humanitar fəlakətlə bağlı beynəlxalq tənqidlərin artdığı bir dövrdə elan olunub. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, müharibənin başlanğıcından bəri çoxu qadın və uşaq olmaqla 61 mindən artıq fələstinli həlak olub. Onlarla insan aclıqdan ölüb, beynəlxalq qurumlar isə kütləvi qıtlıq xəbərdarlığı edir.
Məhkəmə qeyd edib ki, İsrail tərəfindən 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada törədilən hadisələri BMT qurumları, ekspertlər və “Amnesty International” kimi beynəlxalq təşkilatlar soyqırım olaraq tanıyır. Həmçinin, Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) fələstinlilərin Soyqırımı Konvensiyası çərçivəsindəki hüquqlarının pozulduğunu qəbul edib.
Belçika məhkəməsinin soyqırımı açıq şəkildə tanıması və bunun qarşısını almağı hüquqi öhdəlik kimi müəyyənləşdirməsi, ölkəni İsrailin Qərb müttəfiqləri arasında fərqli mövqeyə çıxarır. Digər məhkəmələrin də bu nümunəni izləyib-izləməyəcəyi isə Qəzza soyqırımında beynəlxalq məsuliyyətin növbəti mərhələsini müəyyən edə bilər.