İsrail Baş naziri Benyamin Netanyahu avqustun 12-də yayımladığı video müraciətində İran xalqına çağırış edərək bildirib ki, əgər mövcud hökumətdən azad olarlarsa, İsrail İranın su qıtlığı problemini həll etməyə kömək edəcək.
İran prezidenti Məsud Pezeşkian isə avqustun 13-də “X” platformasında yaydığı açıqlamada B.Netanyahunun təklifini lağa qoyaraq, İsrailin fələstinlilərin su və qida təminatına mane olduğunu vurğulayaraq deyib: “Qəzza xalqını sudan və qidadan məhrum edən bir rejim İranın su problemini həll edəcəyini deyir? Bu, bir yanılmadan başqa bir şey deyil.”
M.Pezeşkian həmin gün Tehranda keçirilən Nazirlər Kabinetinin iclasında da bu barədə fikir bildirib: “Aldadıcı görünüşə sahib olanlar İran xalqına guya mərhəmət etdiklərini iddia edirlər. Əvvəlcə Qəzzanın vəziyyətinə və müdafiəsiz əhalisinə baxın, xüsusilə aclıq, içməli su və dərman çatışmazlığı ilə mübarizə aparan uşaqların acınacaqlı vəziyyətinə. Bunların hamısı zalım bir rejimin tətbiq etdiyi blokada səbəbindən baş verir.”
Xatırladaq ki, İranda yaşanan ciddi su problemi ilə bağlı ölkə rəhbəri M.Pezeşkian avqustun 10-da bir qrup dövlət rəsmisi qarşısında: “Suyumuz yoxdur, nə əlimizdə, nə də bəndlərimizdə. Mənə nə etməli olduğumuzu deyin. Kiminsə gəlib bizə yol göstərməsini istəyirəm. Ciddi və təsəvvüredilməz bir böhran içindəyik”, - deyərək çıxış etmişdi.
Mütəxəssislər illərlə davam edən quraqlıq və su idarəçiliyindəki səhvlərin böhranı dərinləşdirdiyini bildirirlər.