Xilasedicilər Texasda baş vermiş güclü daşqınlar nəticəsində itkin düşən şəxslərin tapılması üçün axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər. Meteoroloqlar isə bölgədə yeni daşqın təhlükəsi barədə xəbərdarlıq ediblər.
ABŞ prezidenti Donald Tramp iyulun 6-da verdiyi bəyanatda cümə günü Texasa səfər edə biləcəyini bildirib. Texasın mərkəzində yerləşən Ker dairəsində azı 68, ətraf bölgələrdə isə ən azı 10 nəfərin həyatını itirdiyi bildirilir. Texas ştatının İctimai Təhlükəsizlik Departamentinin rəhbəri Friman Martin keçirdiyi mətbuat konfransında vəziyyətin daha da ağırlaşa biləcəyini bildirib. “Bu gün daha çox ölüm hallarına şahid ola bilərsiniz,” – deyə o, xəbərdarlıq edib.
Texas qubernatoru Qreq Abbot isə açıqlamasında daşqınlar nəticəsində ştatda 41 nəfərin itkin düşdüyünü deyib.
Jurnalistlərin “niyə daha əvvəl xəbərdarlıq edilmədi” və “nə üçün insanlar daha tez evakuasiya olunmadı” suallarına cavab olaraq Donald Tramp məsuliyyəti “Bayden administrasiyasının tənzimləmələri” ilə izah edib.
Federal Fövqəladə Halların İdarə Olunması Agentliyini (FEMA) mərhələli şəkildə ləğv etmək planlarına dair sualı cavablandıran Donald Tramp deyib:“FEMA haqqında daha sonra danışa bilərik.’’
Əvvəllər təbii fəlakətlərlə mübarizənin ştat səviyyəsində aparılmalı olduğunu bildirən Tramp buna baxmayaraq Texas üçün resursların səfərbər olunmasına imkan verən genişmiqyaslı fövqəladə vəziyyət bəyannaməsini imzalayıb.
İtkin düşənlərin axtarışı üçün 17 vertolyot əməliyyatlara cəlb olunub.
Milli Hava Xidməti (NWS) bazar günü xəbərdarlıq edib ki, yavaş hərəkət edən tufanlar Texasın mərkəzində artıq suya doymuş torpaqlarda əlavə daşqınlara səbəb ola bilər.
Texas qubernatoru Qreq Abot isə Kerrville və ətraf bölgələrdə davam edən güclü yağışların potensial daşqın riski yaratdığı barədə xəbərdarlıq edib.