TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyədə Zəfər Bayramının 103-cü ildönümü qeyd olunur
Türk milləti 30 Avqust Zəfər Bayramında Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci ildə qazanılan və Anadoludakı suverenliyini və varlığını daimi edən qələbəni qeyd edir
Türkiyədə Zəfər Bayramının 103-cü ildönümü qeyd olunur
Zəfər Bayramının 103-cü ildönümü / AA
30 avqust 2025 г.

Türkiyə 1922-ci ildə Dumlupınar Meydan Müharibəsində Yunan ordularına qarşı qazanılan qələbənin 103-cü ildönümünü qeyd edir. Bu qələbə Qurtuluş Savaşının dönüş nöqtəsi hesab olunur.

Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında türk ordusunun 1922-ci il avqustun 26-da Dumlupınar döyüşü ilə başlayan hücumu dörd gün davam etdi və işğalçı qoşunların tam məğlubiyyəti ilə başa çatdı. Bu Zəfər türk xalqının milli-azadlıq mübarizəsində dönüş nöqtəsi oldu. Nəticədə xarici qüvvələr Türkiyə ərazisindən sıxışdırılıb çıxarıldı və tezliklə Cümhuriyyət elan edildi.

Tarixçilər vurğulayırlar ki, Atatürkün komandanlığı ilə əldə edilən bu qələbə Türkiyənin öz taleyini müəyyən etmək əzmini və Anadoluda əbədi qalmaq qərarını vurğulayır.

Prezident Rəcəb Tayyib Ərdoğan da Zəfər Bayramını təbrik edərək, bunun sadəcə bir hərbi zəfər deyil, həm də millətimizin dirçəlişi, varlıq mübarizəsi və “Əbədi istiqlalımızın təsdiqidir” deyib.

Türk Tarix Qurumunun sədri Yüksel Özgen də bu qələbəni 1071-ci ildəki Malazgirt zəfərinə oxşadaraq, bu qələbənin türk millətinin Anadolu torpaqlarında kök salacağının işarəsi olduğunu bildirib.

Özgen “Necə ki, Malazgirt müharibəsi bu coğrafiyanın qapılarını açıb, bizə yeni üfüq və yeni sivilizasiya qurmaq fürsəti təqdim edib, Böyük Hücum və 30 Avqust Zəfəri də türklərin Anadoluda daimi olduğunu və bu torpaqlarda qalacağımızı və bu iradəmizin əbədi olaraq davam edəcəyini bütün dünyaya elan etmişdir” deyib.

O, həmçinin əlavə edib ki, Böyük Hücum imperialist dövlətlər tərəfindən türklərə geyindirilmək istənən donu yırtmışdır. Türkləri əvvəlcə Avropadan, sonra isə Anadoludan Orta Asiyaya göndərmək istəyənlərə endirilmiş zərbədir”.

İşğalın sona çatması

Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsində məğlub olmasından sonra Müttəfiq dövlətlər ölkə ərazisini işğal etdilər. Bu vəziyyət ölkədə İstiqlal Müharibəsi kimi tanınan ciddi qarşıdurmaya səbəb oldu.

Türk qoşunları Atatürkün rəhbərliyi altında Anadoluda işğalçıların nəzarətə son qoydu.

30 avqust 1922-ci ildə Kütahya vilayətinin mərkəzində yerləşən Dumlupınarda başlayan bu həyati mübarizə Yunan qoşunlarının məğlubiyyəti ilə türk-yunan müharibəsinin gedişatını Türkiyənin lehinə və dönməz şəkildə dəyişdirdi.

1922-ci ilin sonlarına yaxın işğalçı qüvvələr ölkədən çıxarıldı və ertəsi il Türkiyə Cümhuriyyətinin elanının zəmini hazırlandı.

Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla ölkə rəhbərləri ənənəvi olaraq Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edəcək, türk xalqının milli azadlıq mübarizəsinin bütün iştirakçılarının xatirəsini ehtiramla anacaqlar.

Prezident Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Ankaradakı Prezident iqamətgahında Zəfər Bayramı münasibətilə təbrikləri qəbul edəcək.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us