Prezident Rəcəb Tayyib Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı yayımlayaraq, Zəfəri Türkiyə tarixində dönüş nöqtəsi adlandırıb.
Ərdoğan mesajında Zəfər Bayramının türk millətinin göstərdiyi misilsiz iradənin, sarsılmaz inancın və qəhrəmanlığın ən güclü simvollarından biri olduğunu vurğulayıb.
Ərdoğan “Qəhrəman ordu, vətən sevgisi, millətin vahid iradəsi ilə qazanılan Böyük Zəfər əsarət zəncirlərini qırıb, müstəqilliyə yol açdı” deyib.
Prezident Ərdoğan Böyük Zəfərin təkcə hərbi qələbə olmadığını vurğulayaraq, həm də millətimizin dirilçəlişinin, varlıq mübarizəsinin, əbədi müstəqilliyinin təsdiqi olduğunu bildirib.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Böyük Hücumun tərkib hissəsi olan bu müharibə 1922-ci il avqustun 26-da başlayıb, sentyabrın 18-də yekunlaşaraq Türkiyənin müstəqilliyini qəti şəkildə təmin edib.
Tarixçilər vurğulayırlar ki, Atatürkün komandanlığı ilə qazanılan bu zəfər Türkiyənin öz müqəddəratını təyin etmək əzmini və Anadoluda daimi varlığını elan etdi.
Türk milləti "müstəqilliyindən heç vaxt güzəştə getməyəcək"
Prezident Ərdoğan Zəfər Bayramının təkcə türk millətinə deyil, əsarət altında olan bütün məzlum xalqlara da ümid bəxş etdiyini bildirib.
Ərdoğan “Türk milləti bu böyük zəfərlə bu millətin heç vaxt tabe olmayacağını, əsarəti qəbul etməyəcəyini, müstəqilliyindən heç vaxt güzəştə getməyəcəyini bir daha bütün dünyaya bəyan etdi” deyib.
Qələbənin azadlıq mübarizəsi aparan bütün məzlum xalqlar üçün istiqlal idealının simvoluna çevrildiyini vurğulayan Ərdoğan millətin vəzifəsinin istiqlal məşəlini birlik və bərabərlik içində daha güclü gələcəyə daşımaq olduğunu bildirib.
Ərdoğan mesajına "Bu mənalı gündə başda Qazi Mustafa Kamal və döyüş yoldaşları olmaqla vətən uğrunda canlarını fəda edən əziz şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi minnətdarlıqla yad edirəm. Nəcib xalqımızı 30 Avqust Qələbə Günü münasibəti ilə ürəkdən təbrik edirəm" sözləri ilə yekun vurub.