Türkiyə Cümhuriyyəti prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Yaponiya köklü münasibətlərini rəsmi sənədlərdən daha güclü, tarix və bəşəriyyətin vicdanı ilə güclənən bir "könül körpüsü" adlandırıb.
Ərdoğan bu bəyanatı Yaponiyanın nüfuzlu qəzeti "Nikkei Şimbun"da yayımlanan məqaləsində verib.
Dövlət başçısı məqaləsində 1890-cı ildə Ertuğrul freqatının Kuşimoto sahillərində batması faciəsinə toxunub və bu hadisəni mərhəmət və qarşılıqlı həmrəyliyin simvolu kimi göstərib. "O faciəli gün yaddaşımızda dərin iz buraxdı və ölkələrimiz arasındakı əlaqələri humanitar bir təmələ qoydu" deyən Ərdoğan Yaponiyanın fəlakətdən sonra göstərdiyi yardım səylərini xatırladıb.
Bu dostluğun illər ərzində infrastruktur, texnologiya, təhsil və mədəniyyət kimi saysız-hesabsız sahələrə yayıldığını qeyd edən Ərdoğan Marmaray, Osmanqazi, Fateh Sultan Mehmet və Haliç körpüləri kimi layihələri Türkiyənin əzmi ilə Yaponiya mühəndisliyinin əməkdaşlığının konkret nümunələri kimi vurğulayıb.
Ərdoğanın humanitar diplomatiyası
Ərdoğan humanitar diplomatiyanın öz baxışının mərkəzində olduğunu bildirərək, hər iki xalqın "acı qarşısında səssiz qalmayan, ehtiyacı olanlara yardım əli uzadan və insan ləyaqətinə önəm verən" cəmiyyətlər olduğunu qeyd edib.
Ərdoğan hər iki ölkənin vətəndaş cəmiyyəti təşkilatları və inkişaf agentliklərinin uzun müddətdir əl-ələ verdiklərini vurğulayaraq, TİKA və JICA-nın həyata keçirdiyi layihələri misal çəkib.
Qəzzadakı vəziyyəti "bəşəriyyət vicdanının ən ağır sınaqlarından biri" adlandıran Ərdoğan İsrailin hərbi təcavüzlərinin xəstəxanaları fəaliyyətsiz qoyduğunu və milyonlarla insanı əsas ehtiyaclardan məhrum etdiyini vurğulayıb.
Qəzza üçün atəşkəs çağırışı
Dövlət başçısı məqalədə Türkiyənin Qəzzada atəşkəs və maneəsiz humanitar yardım üçün müdafiəçilik etməyə davam edəcəyini bildirilib. Ərdoğan Yaponiyanın sülhə, beynəlxalq hüquqa və humanitar həssaslığa olan bağlılığını yüksək qiymətləndirərək, onun yanaşmasının Türkiyənin regional təsiri və yardım qabiliyyəti ilə birləşdirilməsinin "şərəfli və güclü bir ortaq" yarada biləcəyini ifadə edib.
Ərdoğan atəşkəs təmin etmək, humanitar yardımı təşkil etmək, uşaqların təhsili və sağlamlığını dəstəkləmək və ədalətli iki dövlətli həll yolu axtarmaq üçün səy göstərilməsinə çağırış edib. O, "Türkiyə ilə Yaponiyanın dostluğu, keçmişin gözəl bir xatirəsi olmaqdan daha çox, bugünün böhranlarını aşmaq üçün də böyük bir imkandır" deyib.
Məqalənin sonunda Ərdoğan beynəlxalq ictimaiyyəti zülmə qarşı həmrəylik göstərməyə və bu həmrəyliyi sülhü, ədaləti və insanlığı gücləndirmək üçün konkret hərəkətə çevirməyə çağırıb.