Rusiya və onun əsas müttəfiqi Belarus sentyabrın 12-də səhər saatlarında genişmiqyaslı birgə hərbi təlimlərə start verib.
NATO-nun Belarusla həmsərhəd olan üzv ölkələri- Polşa, Litva və Latviya Borisov yaxınlığında keçiriləcək təlimlərə yüksək səviyyədə hazırlıq vəziyyətindədirlər.
Hər üç ölkə təhlükəsizlik tədbirlərini gücləndirib, Polşa isə təlimlər zamanı Belarusla sərhədini tamamilə bağlamaq qərarına gəlib.
Rusiya Müdafiə Nazirliyi təlimlərlə bağlı yaydığı bəyanatda bu ifadələrə yer verib:“Rusiya və Belarus ordularının birgə strateji manevrləri başlayıb’’.
Polşanın baş naziri Donald Tusk bildirib ki, Polşa və NATO müttəfiqləri İkinci Dünya Müharibəsindən bəri ilk dəfə olaraq “açıq münaqişəyə” bu qədər yaxınlaşıblar.
Kremlin sözçüsü Dmitri Peskov isə qeyd edib ki, bu, planlaşdırılmış təlimlərdir və heç bir ölkəni hədəf almır. O, Polşanın təlimləri “aqressiv güc nümayişi” kimi qiymətləndirməsini rədd edib.
Ukrayna prezidenti Volodimir Zelenski isə Moskvanın niyyətləri barədə xəbərdarlıq edib. “Rusiyanın bu cür hərəkətləri tamamilə müdafiə xarakteri daşımır və təkcə Ukraynaya qarşı yönəlməyib’’,-deyə Volodimir Zelenski qeyd edib.
Rusiya isə bir gecədə öz ərazisi üzərində 221 Ukrayna pilotsuz uçuş aparatının vurulduğunu iddia edib.
Adətən dörd ildən bir keçirilən “Zapad” təlimləri bu il ilk dəfə Ukraynada müharibənin davam etdiyi dövrdə təşkil olunur. Təlimlər sentyabrın 16-dək davam edəcək.
Qeyd edək ki, Rusiya 2021-ci ildə Ukraynaya hücumundan bir neçə ay əvvəl keçirilən oxşar təlimlərə təxminən 200 min əsgər cəlb etmişdi.
Bu ilin əvvəlində Belarus rəsmi olaraq təlimlərə 13 min əsgərin qatılacağını bildirmişdi. Lakin may ayında bu rəqəmin yarıbayarı azaldılacağı elan olundu.
Polşanın baş naziri Donald Tuskun sözlərinə görə, cari təlimlər Belarus və Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəd olan strateji əhəmiyyət daşıyan Suvalki dəhlizinin işğalını simulyasiya etməyə yönəlib. NATO-nun zəif nöqtələrindən biri hesab edilən bu dəhliz Rusiyanın potensial hücumu zamanı ilk hədəf ola bilər.
Belarus prezidenti Aleksandr Lukaşenko isə bu narahatlıqları tamamilə yersiz adlandırıb.
Bu ilin əvvəlində Belarusun müdafiə naziri də təlimlərin Polşa və Ukrayna sərhədlərindən uzaq məsafədə keçiriləcəyini açıqlamışdı. Buna baxmayaraq regionda vəziyyətin gərginləşdiyi müşahidə olunur.
Litva və Latviya isə ehtiyat tədbiri olaraq hava məkanlarının bir hissəsini müvəqqəti bağladıqlarını elan ediblər.