Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) İsrailli bir nazirə qarşı sui-qəsd planı ilə bağlı bəzi İsrail KİV-lərində Türkiyənin adının hallandırılmasını qəti şəkildə rədd edərək bunun məqsədyönlü qarayaxma kampaniyasının bir hissəsi olduğunu bildirib.
Bəyanatda bu ifadələrə yer verilib: ‘‘İsrail mediasında ölkəmizin adının çəkilməsi məqsədli şəkildə Türkiyəyə qarşı aparılan dezinformasiya kampaniyasının məhsuludur.”
DMM həmçinin bildirib ki, İsrail mediasının Türkiyəni sui-qəsdlə əlaqələndirən xəbərləri əsassızdır və tutulan şəxslərin Türkiyə ilə heç bir əlaqəsi olmadığı Qızıl Xaç Komitəsi rəsmiləri tərəfindən təsdiqlənib.
Rəsmi Ankara qeyd edib ki, Türkiyənin adının sui-qəsd planında hallanması Fələstin siyasətini hədəf alan dezinformasiya kampaniyasının tərkib hissəsidir. Bu kampaniyanın məqsədi beynəlxalq səviyyədə Türkiyə barədə yanlış təsəvvür yaratmaq və ölkənin Fələstinlə bağlı mövqeyini zəiflətməkdir.
Türkiyə hökuməti ictimaiyyəti və beynəlxalq qurumları bu dezinformasiya və qaralama kampaniyasına əhəmiyyət verməməyə çağırıb.
Qeyd edək ki, Qəzzada soyqırım başlayandan bəri Türkiyə İsrailin ən sərt tənqidçilərindən biridir. Ölkə rəsmiləri onu da vurğulayıb ki, Türkiyəni terror və ya regional sui-qəsdlərlə əlaqələndirən qarayaxma kampaniyaları ölkənin Fələstinlə bağlı mövqeyini zəiflətmək məqsədi daşıyır.