TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə “Altay” döyüş tankının kütləvi istehsalına başladı
Bu barədə BMC İdarə Heyətinin sədri Fuat Tosyalı məlumat verib
Türkiyə “Altay” döyüş tankının kütləvi istehsalına başladı
/ AA
5 sentyabr 2025 г.

Türkiyə yerli avtomobil istehsalçısı BMC-nin Ankaradakı müəssisəsində yeni nəsil “Altay” döyüş tankının kütləvi istehsalına rəsmi şəkildə start verib. Bu inkişaf ölkənin müdafiə sənayesi hədəfləri baxımından mühüm mərhələ hesab olunur.

BMC İdarə Heyətinin sədri Fuat Tosyalı layihənin Türkiyənin 100 illik arzularından birini gerçəkləşdirdiyini bildirib.
“Fabrikimiz artıq kütləvi istehsala başlayıb. Bu istehsalın həm Türkiyə Silahlı Qüvvələrinin, həm də müttəfiq ölkələrin müdafiə sənayesi ehtiyaclarını qarşılaya biləcəyini gözləyirik,” – deyə F.Tosyalı vurğulayıb.

Ən müasir texnologiyalarla təchiz edilmiş “Altay” tankı BMC-nin törəmə şirkəti olan BMC Power tərəfindən istehsal olunan BATU mühərriki ilə təchiz edilib.

Fuat Tosyalı bildirib ki, 400–1500 at gücünə malik BATU güc paketinin istifadəyə verilməzdən əvvəl bəzi sınaqları tamamlaması vacibdir.
“Güc paketi 10.000 kilometr məsafə qət etməli və müəyyən performans qiymətləndirmələrindən keçməlidir. İndiyədək heç bir texniki problem müşahidə edilməyib və bütün komponentlər, o cümlədən hava hücumundan müdafiə sistemləri tankla birlikdə sınaqdan keçirilir”,-deyə Fuat Tosyalı qeyd edib.

Müəssisədə yalnız “Altay” deyil, BMC-nin yeni nəsil səkkiz təkərli zirehli döyüş maşını olan “Altuğ’’ da istehsal olunacaq.

Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün layihə çərçivəsində qurulan əməkdaşlığı yüksək qiymətləndirib və Prezident Rəcəb Tayyib Ərdoğanın prosesi yaxından izlədiyini təsdiqləyib.

Haluk Görgün deyib: “Keçən il sınaq üçün təqdim etdiyimiz tanklar bütün imkanlarını uğurla nümayiş etdirdi. Artıq fabrik fəaliyyətə başladığına görə tanklarımızı istehsal edib birbaşa Silahlı Qüvvələrimizə təhvil verəcəyik.”

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us