Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nə Türkiyə, nə də Dəməşqin Suriyada sabitliyi pozacaq cəhdlərə dözməyəcəyini ifadə edib
Ərdoğan Çindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamalar verib. R.T.Ərdoğan deyib ki, ərəblər, kürdlər, türkmənlər, ələvilər, sünnilər və xristianlar da daxil olmaqla Suriyanın müxtəlif xalqlarını parçalamağa çalışanlar bunun əvəzini ödəyəcəklər.
“Suriyanı tək qoymayacağıq. Hər zaman onların yanında olacağıq. İnşallah, Suriyanın yenidən ayağa qalxmasının qarşısını heç kim ala bilməyəcək,” — deyə Türkiyə prezidenti qeyd edib.
Ərdoğan həmçinin Türkiyənin Pekin ilə əlaqələrini dərinləşdirmək üçün göstərdiyi səylərə diqqət çəkərək, Çinin Türkiyənin regional əhəmiyyətini və təsirini dərk etdiyini bildirib.
“Yalnız sülh yönümlü dialoq Ukrayna-Rusiya müharibəsinə son qoya bilər”
Qlobal mövzuları şərh edən Ərdoğan Alyaskada keçirilən son ABŞ-Rusiya zirvəsini “məntiqli” adlandıraraq Ukraynadakı müharibənin yalnız sülh yönümlü dialoqla bitəcəyini vurğulayıb. Rəsmi Ankaranın danışıqların tərəfdarı olduğunu bildirən R.T. Ərdoğan İstanbulda daha əvvəl keçirilən görüşlərin sülh yolunun açıq olduğunu göstərdiyini qeyd edib.
Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Ermənistan arasında əldə olunan son razılaşmaya toxunan Türkiyə prezidenti bunun avtomobil və dəmir yolu şəbəkələrinin aktivləşdirilməsi, sərhəd keçidlərinin açılması və sektorlararası ticarətin artması üçün önəmli bir addım olduğunu bildirib.
O, Türkiyənin bölgə xalqları arasında birliyə sadiqliyini vurğulayaraq bu prosesi pozmağa çalışan hər kəsin bunun əvəzini ödəyəcəyini qeyd edib.
Fələstinin beynəlxalq səviyyədə tanınması
Fələstin məsələsinə də toxunan dövlət başçısı bildirib ki, bu mövzu BMT Baş Assambleyasının bu ay keçiriləcək iclasında əsas müzakirə mövzusu olacaq və bəzi Avropa ölkələri Fələstin dövlətini tanımaq istiqamətində addımlar atır.
Türkiyə prezidenti ABŞ-ın Fələstin rəsmilərinə tətbiq etdiyi viza məhdudiyyətini tənqid edib.
“İsrailin törətdiyi bu soyqırım heç vaxt unudulmayacaq. Mərhəmətli analar və atalar Fələstində körpələrin, qadınların və kişilərin necə qətlə yetirildiyini heç vaxt unutmayacaqlar,” — deyə R.T. Ərdoğan vurğulayıb.
O, həmçinin qeyd edib ki, BMT Baş Assambleyası qlobal problemləri müzakirə etmək və həll yolları tapmaq üçün mövcuddur və Fələstin nümayəndə heyətinin orada olmaması yalnız İsraili sevindirər.