Pakistanın xarici işlər naziri İshaq Dar ölkələr arasında münasibətləri bərpa etmək səyləri çərçivəsində şbu gün Banqladeşə uçub.
Dar 2012-ci ildən bəri Dəkkəyə səfər edən ən yüksək səviyyəli Pakistan rəsmisidir. İslamabad bu səfəri "Pakistan-Banqladeş münasibətlərində mühüm mərhələ" kimi qiymətləndirib.
Pakistan Xarici İşlər Nazirliyi İshaq Darın Banqladeşin müvəqqəti lideri Məhəmməd Yunusla görüşəcəyini açıqlayıb.
Ekspertlər may ayında Pakistanla dörd günlük münaqişəyə girən qonşu Hindistanın bu hadisələri diqqətlə izləyəcəyini söyləyirlər.
Qeyd edək ki, Dəkkə və Yeni Dehli arasında münasibətlər 2024-cü ilin avqustunda Banqladeşdə Baş nazir Şeyx Hasinanın hakimiyyətinə son qoyan və onu Hindistana qaçmağa məcbur edən kütləvi üsyandan sonra pisləşib.
Səfər öncəsi danışan amerikalı ekspert Maykl Kuqelman “Banqladeş qonşuluqda Hindistanın ən yaxın tərəfdaşlarından biri idi və indi Hindistanın əsas rəqibi ilə əlaqə saxlamağa çalışır” deyib.
Pakistan və Banqladeş keçən il dəniz ticarətinə başlayıb və fevral ayında ticarəti genişləndiriblər.
İslamabadın ticarət naziri Cam Kamal Xan avqustun 21-də Dəkkədə danışıqlar aparıb və ticarət və investisiyaların artırılması üçün birgə komissiyaların yaradılması barədə razılığa gəlib.
Avqustun 24-də hər iki ölkənin yüksək rütbəli hərbi komandirləri Pakistanda görüşüblər.
Qeyd edək ki, 1971-ci ildə Pakistan və Hindistan arasında Banqladeşin Pakistandan müstəqilliyinə səbəb olan müharibədən sonra Banqladeş Hindistandan çox asılı vəziyyətə düşüb.
Bununla belə, Nobel Sülh Mükafatı laureatı Yunusun rəhbərlik etdiyi Banqladeşin müvəqqəti hökuməti Hindistanın Hasinanı qəbul etməsindən qəzəblənir. Hasina Hindistanda qalır və onun insanlığa qarşı cinayətlərə görə məhkəməsində iştirak etməkdən imtina edir.
Beynəlxalq Böhran Qrupundan Tomas Kin deyib: "Hasinanın devrilməsi Hindistan üçün strateji uğursuzluq idi və Banqladeşlə Pakistan arasında münasibətlərin yaxşılaşması onun aradan götürülməsinin nəticəsidir".
Dəkkə bu ay Hindistanı Hasinanın hazırda qadağan olunmuş Avami Liqası partiyasını dəstəkləməkdə ittiham edib. Yeni Dehli ittihamları rədd edərək, "Bizim torpaqlarımızdan başqa ölkələrə qarşı siyasi fəaliyyətə icazə vermirik" deyib.