Polşa Rusiyanın Ukraynadakı hədəflərə hücumları zamanı hava məkanının dəfələrlə pilotsuz uçuş aparatları tərəfindən pozulduğunu açıqlayıb.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının rəsmi “X” səhifəsində edilən paylaşımda bu ifadələrə yer verilib: “Bu gün Rusiya Ukraynaya hücum zamanı hava məkanımızı dəfələrlə pozdu’’.
Bildirilib ki, Polşa qüvvələri həmin pilotsuz aparatları vurub. Vurulan PUA-ların yerini müəyyən etmək üçün əməliyyatların davam etdirildiyi qeyd olunub.
Polşanın Baş naziri Donald Tusk əməliyyatın aparıldığını təsdiqləyərək ordunun bu ünsürlərə qarşı aktiv müdafiə tədbirləri həyata keçirdiyini bildirib. O, prezident Karol Navroçki və müdafiə naziri Vladisav Kosiniak-Kamisz ilə mütəmadi əlaqə saxladığını bildirib.
Müdafiə nazirinin müavini Cezary Tomczyk isə qeyd edib ki, Navroçki və Tusk vəziyyətlə bağlı məlumatlandırılıb. O, ictimaiyyəti Polşa ordusu və polisinin açıqlamalarına əməl etməyə çağırıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində Varşava Beynəlxalq Hava Limanı, eləcə də Modlin, Lublin və Rzeszow-Casionka kimi böyük hava limanları müvəqqəti olaraq bağlanıb. Aviatsiya rəsmiləri isə əməliyyatlar davam etdikcə bu hava limanlarının bağlı qalacağını təsdiqləyib.
ABŞ senatoru Dik Durbin isə daha əvvəl bildirib ki, Rusiya pilotsuz uçuş aparatlarının NATO hava məkanını dəfələrlə pozması prezident Vladimir Putinin Polşa və Baltikyanı ölkələrə olan müdafiə öhdəliyimizi sınamaq cəhdi kimi qiymətləndirilir.
Baş nazir Donald Tusk isə hava məkanının pozulmasına qarşı “qətiyyətli” tədbirlər görüləcəyinə söz verib və Polşanın belə təxribatlara qarşı çox sərt reaksiyalar göstərəcəyini vurğulayıb.