DÜNYA
2 dəqiqə oxuma
Donald Tramp ''Hyundai'' fabrikində keçirilən əməliyyatı dəstəklədi
ABŞ prezidenti Donald Tramp Corciya ştatında tikintisi davam edən “Hyundai” batareya fabrikində keçirilən əməliyyatı dəstəkləyib
Donald Tramp ''Hyundai'' fabrikində keçirilən əməliyyatı dəstəklədi
/ AP
6 sentyabr 2025 г.

ABŞ prezidenti Donald Tramp Corciya ştatında tikintisi davam edən “Hyundai” batareya fabrikində keçirilən əməliyyatı dəstəkləyib. Əməliyyat zamanı 500-ə yaxın işçi saxlanılıb. Sentyabrın 5-də jurnalistlərə açıqlama verən D.Tramp saxlanılan şəxsləri “qeyri-qanuni mühacirlər” adlandırıb və ABŞ rəsmilərinin düzgün hərəkət etdiyini bildirib.

ABŞ Milli Təhlükəsizlik Departamenti sentyabrın 4-də keçirilən əməliyyatda 475 nəfərin saxlanıldığını açıqlayıb. Departamentin Corciya üzrə direktoru Stiven Şrankın sözlərinə görə, saxlanılanların əksəriyyəti Cənubi Koreya vətəndaşlarıdır. O, bildirib ki, istintaq zamanı subpodratçılar tərəfindən işə götürülən qanunsuz işçi şəbəkəsi aşkar edilib. Hazırda bu qanunsuz işəgötürmə praktikasına görə kimin məsuliyyət daşıdığını müəyyənləşdirmək üçün araşdırmalar davam etdirilir. “Təkcə əsas şirkət yox, subpodratçılar da bu prosesdə iştirak ediblər və biz bu şəbəkənin bütün üzvlərini aşkara çıxarırıq”, – deyə S.Şrank qeyd edib. Onun sözlərinə görə, hələlik heç bir cinayət ittihamı irəli sürülməyib, lakin müstəntiqlər məhkəmə qərarı əsasında obyektdə əlavə sübutlar toplayır.

Əməliyyatda Milli Təhlükəsizlik Departamenti ilə yanaşı, Federal Təhqiqat Bürosu (FBI), Gömrük və Sərhəd Mühafizəsi, Alkoqol, Tütün və Odlu Silahlar Bürosu, eləcə də Narkotiklərlə Mübarizə İdarəsi də iştirak edib. ‘‘Hyundai’’ və LG şirkətlərinin birgə həyata keçirdiyi bu layihənin dəyəri 5,5 milyard dollardır. 2023-cü ildə Corcia qubernatoru Brayan Kemp bu fabriki “ştat tarixindəki ən böyük iqtisadi inkişaf layihəsi” kimi qiymətləndirmişdi.

Hazırda tikintisi davam edən batareya fabrikinin gələn il istifadəyə verilməsi planlaşdırılırdı. Lakin keçirilən əməliyyatdan sonra layihə cədvəlində dəyişiklik olub-olmayacağı hələlik bəlli deyil. ‘‘Hyundai’’ şirkəti yaydığı bəyanatda bildirib ki, vəziyyəti yaxından izləyir və hadisənin bütün təfərrüatlarını araşdırır. Bildirilib ki, saxlanılan şəxslər ‘‘Hyundai Motor’’un birbaşa işçiləri deyil. “Bizim əsas prioritetimiz obyektlərimizdə çalışan hər kəsin təhlükəsizliyi və rifahıdır. Fəaliyyət göstərdiyimiz bütün yerlərdə mövcud qanun və qaydalara əməl edirik”, – deyə şirkətin bəyanatında vurğulanıb.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us