ABŞ prezidenti Donald Tramp 2026-cı ildə G20 sammitinin Mayami şəhərində baş tutacağını açıqlayıb.
"Gələn il Amerika Birləşmiş Ştatlar təxminən 20 ildən sonra ilk dəfə G20 sammitinə ev sahibliyi etmək şərəfinə nail olacaq", – deyə Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
Prezidentin sözlərinə görə, sammit çərçivəsində ağır tənzimləmələrin aradan qaldırılması, əlverişli enerji mənbələrinin istifadəyə verilməsi və iqtisadi rifahın artırılması məsələləri müzakirə olunacaq.
Donald Tramp tədbirin Mayamidə yerləşən Trump National Doral qolf sahəsində keçiriləcəyini təsdiqləyib. O, həmçinin bildirib ki, tədbirdən şəxsi qazanc əldə etməyəcək.
"Sammitin orada keçirilməsini hamı istəyir, çünki hava limanına çox yaxındır. Bu ən yaxşı yerdir – gözəl və əlverişli. Biz bu işdən heç bir gəlir əldə etməyəcəyik. Sadəcə istəyirəm ki, hər şey uğurla keçsin".
Mayami Latın Amerikası regionunun maliyyə və diplomatik mərkəzlərindən biri hesab olunur. Rəsmilərin fikrincə, şəhər həm coğrafi əlçatanlığı, həm də simvolik əhəmiyyəti ilə sammit üçün ideal məkandır.
Qeyd edək ki, 2026-cı il ABŞ-da Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibətilə geniş yubiley tədbirləri keçiriləcək. G20 sammitinin də bu tarixlə eyni vaxta düşməsi ABŞ üçün xüsusi önəm daşıyır.
ABŞ sonuncu dəfə G20 sammitinə 2009-cu ildə, qlobal maliyyə böhranından sonra, Barak Obama administrasiyası dövründə Pitsburq şəhərində ev sahibliyi etmişdi.