BMT-nin baş katibi Antonio Quterreş Qəzzada vəziyyətin sürətlə pisləşdiyini, bunun isə fələstinliləri daha da ümidsizliyə sürüklədiyini və bölgədə genişmiqyaslı qeyri-sabitlik riskini artırdığını bildirib. O, beynəlxalq ictimaiyyəti iki dövlətli həll istiqamətində təcili, konkret və geri dönməz addımlar atmağa çağırıb.
İyulun 28-də Fələstin probleminin sülh yolu ilə həllinə dair BMT-nin yüksək səviyyəli konfransının açılışında çıxış edən A.Quterreş deyib:
"Fələstinlilər üçün dövlət sahibi olmaq bir mükafat deyil, bu, onların haqqıdır. Bu hüququn inkar edilməsi dünyadakı bütün ekstremistlərə hədiyyə olardı. Zaman və güvən azalır, institutlar zəifləyir, ümid isə tükənir."
Qəzzada dərinləşən humanitar böhranı pisləyən baş katib bildirib ki, bölgə fəlakətlər zəncirinə sürüklənir.
"Humanitar yardıma qoyulan məhdudiyyətlərin azaldılmasına dair son addımları alqışlayıram. Amma bu addımlar bu kabusu dayandırmaq üçün yetərli deyil. Bizə dərhal və davamlı atəşkəs, bütün əsirlərin qeyd-şərtsiz azad olunması və humanitar yardımın tam və maneəsiz çatdırılması lazımdır. Bunlar sülhə aparan yolda ilkin addımlar deyil, məhz sülhün özüdür", – deyə Antonio Quterreş vurğulayıb.
BMT baş katibi həmçinin İsrailin Şərqi Qüds də daxil olmaqla işğal olunmuş Fələstin ərazilərindəki fəaliyyətlərini kəskin tənqid edərək deyib:"İsrailin Şərqi Qüds də daxil olmaqla, işğal olunmuş Fələstin torpaqlarındakı işğal siyasəti qeyri-qanunidir və buna son qoyulmalıdır. Qanun bunu tələb edir."
BMT-nin Baş katibi Antonio Quterreş beynəlxalq diplomatiyanın Yaxın Şərqdəki münaqişəni həll etməkdə uğursuzluğunu tənqid edərək bildirib ki, boş bəyanatlar reallığı dəyişdirmək üçün yetərli deyil.
"Onilliklər ərzində Yaxın Şərq diplomatiyası sülhə yox, daha çox prosesin özünə fokuslanıb. Sözlər, çıxışlar və bəyanatlar bölgədəki insanlar üçün artıq heç bir məna daşımır. Onlar bunları əvvəllər də eşidiblər, görüb yaşamışlar. Amma dağıntılar və ilhaq siyasəti fasiləsiz davam edir", – deyə Antonio Quterreş vurğulayıb.
O, fələstinlilərin fundamental hüquqlardan məhrum edildiyi, daimi yerdəyişmə və qeyri-bərabərlik şəraitində yaşamağa məcbur olduqları bir reallığın təhlükələrinə diqqət çəkib:
"Fələstinlilərin bərabər hüquqlardan məhrum edildiyi, daimi işğal və ayrı-seçkilik altında yaşadığı bir sistem nə sülhə, nə ədalətə, nə də beynəlxalq hüquqa uyğun gəlir."
İki dövlətli həlli "Yaxın Şərq sülhünün təməl prinsipi" kimi qiymətləndirən BMT Baş katibi İsraili bu həlli "aydın və birmənalı şəkildə" dəstəkləməyə və onu pozan bütün addımları dərhal dayandırmağa çağırıb.
"Bu münaqişə idarə edilə bilməz – o, həll olunmalıdır. Mükəmməl şəraitin yaranmasını gözləyə bilmərik, onu özümüz formalaşdırmalıyıq. İnsanların dözülməz əzablar çəkdiyi bir vaxtda sülh səylərini təxirə sala bilmərik. Çox gec olmadan hərəkətə keçmək məcburiyyətindəyik," – deyə Antonio Quterreş bəyan edib.