Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün yaranmış imkanın qiymətləndirilməsinin vacib olduğunu bildirib.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı bəyanata görə, R.T.Ərdoğan Avstriya kansleri Kristian Ştokerlə ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələləri müzakirə edib.
R.T.Ərdoğan söhbət zamanı Qəzzaya təcili humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb.
Suriya məsələsinə də toxunan dövlət başçısı Türkiyənin ölkədə sabitliyin təmin olunması üçün səylərini davam etdirdiyini qeyd edib. O, suriyalı qaçqınların vətənlərinə qayıdışını asanlaşdırmaq üçün sosial və iqtisadi rifahın artırılmasının böyük əhəmiyyət daşıdığını bildirib.
R.T.Ərdoğan həmçinin Türkiyə və Avstriyanın ticarət və investisiya sahəsindəki potensiallarından səmərəli şəkildə faydalanmalı olduqlarını və bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi üçün addımların davam etdiriləcəyini vurğulayıb.