Rusiya diplomatları işğal olunmuş Fələstin ərazilərində hücuma məruz qalıb.
Rusiya Xarici İşlər Nazirliyi iyulun 30-da Qüds yaxınlığında yerləşən Qivat Asaf adlı qeyri-qanuni İsrail yaşayış məntəqəsi yaxınlığında baş vermiş insidentlə bağlı bəyanat yayıb.
Məlumata görə, diplomatik nömrə nişanı olan və rusiyalı diplomatları Fələstin Milli İdarəsinə aparan avtomobil yəhudilər tərəfindən hücuma məruz qalıb.
Nazirlik bildirib ki, avtomobilə ciddi ziyan dəyib və hadisə zamanı Rusiya diplomatları təhdid olunub. Açıqlamada hücumun qəbuledilməz olduğu vurğulanaraq qeyd olunub ki, ərazidə olan İsrail hərbçiləri insidentə müdaxilə etməyib və hücum edənlərin aqressiv davranışlarının qarşısını almaq üçün heç bir tədbir görməyib.
Rusiya Xarici İşlər Nazirliyi hadisəni 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının ciddi pozuntusu kimi qiymətləndirib. Qeyd olunub ki, həmin sənədə görə, ev sahibi olan dövlət xarici diplomatik nümayəndəliklərin mülkiyyətinin toxunulmazlığını təmin etməli, diplomatlara hörmət göstərməli və onların təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görməlidir.
Nazirlik həmçinin qeyd edib ki, Rusiyanın İsraildəki səfirliyi baş vermiş insidentlə bağlı İsrail hökumətinə rəsmi etirazını bildirib.
“İsrail tərəfinin bu hadisədən müvafiq nəticələr çıxaracağına ümid edirik”,-deyə bəyanatda vurğulanıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da məsələ ilə bağlı çıxış edərək səfirliyin İsrail hakimiyyətinə rəsmi etiraz notası təqdim etdiyini təsdiqləyib.