İraq Baş naziri Məhəmməd Şiya əs-Sudani 2023-cü ilin martında Bağdadda qaçırılan İsrail əsilli rusiyalı akademik Elizabet Tsurkovun azad olunduğunu bildirib. Baş nazirin sözlərinə görə, bu nəticə təhlükəsizlik orqanlarının aylarla apardığı intensiv səylərin bəhrəsidir.
Baş nazir Məhəmməd əs-Sudani “X” hesabında paylaşım edərək deyib: “Təhlükəsizlik qüvvələrimizin aylarla davam edən səylərinin nəticəsində Rusiya vətəndaşı Elizabet Tsurkovun azad olunduğunu elan edirik”. O, həmçinin qanunların icrasında güzəştə getməyəcəklərini, dövlətin nüfuzunu qoruyacaqlarını və İraqın hörmətini ləkələməyə heç kəsə imkan verməyəcəklərini vurğulayıb.
Məsələ ilə bağlı ABŞ prezidenti Donald Tramp da E.Tsurkovun azad edildiyini açıqlayıb. Qeyd edək ki, Prinston Universitetinin tədqiqatçısı olan E.Tsurkov 2023-cü ilin martında İraqda araşdırma səfəri zamanı itkin düşmüşdü.
Məlumatlara görə, D.Tramp administrasiyasının bir girov müzakirəçisi bu ilin fevralında E.Tsurkovun azad olunması ilə bağlı danışıqlar aparmaq üçün İraqa səfər edib. Xatırladaq ki, ABŞ-ın əvvəlki rəhbərliyi dövründə E.Tsurkovun ailəsi Vaşinqton rəhbərliyindən tam dəstək almaqda çətinlik çəkmiş, amerikalı rəsmilər onun ABŞ vətəndaşı olmadığı üçün imkanlarının məhdud olduğunu bildirmişdilər.