Avropa Parlamentinin yay tətilindən sonrakı ilk plenar iclasında çıxış edən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya prezidenti Vladimir Putinin sülhə maraq göstərmədiyini və məcbur edilməyincə müharibəni dayandırmayacağını bildirib. O, 2022-ci ildən bəri Aİ və üzv dövlətlərin Ukraynaya ümumilikdə 169 milyard avro dəstək göstərdiyini, bunun 63 milyard avrosunun hərbi yardım olduğunu açıqlayıb. K.Kallasın sözlərinə görə, təkcə bu il üzv ölkələr Ukraynaya 25 milyard avro ayıracaq, 2 milyon sursat hədəfinin isə 80 faizi artıq çatdırılıb. Məqsəd oktyabradək bu göstəricini 100 faizə çatdırmaqdır.
K.Kallas Qərbin uzunmüddətli təhlükəsizlik öhdəlikləri mövzusunda vahid mövqedə olduğunu diqqətə çatdıraraq deyib ki, Qərb Ukraynaya təhlükəsizlik zəmanətləri verməkdə birləşib. O, həmçinin qeyd edib ki, 4 sentyabrda Parisdə keçirilən görüşdən bir gün sonra V.Putin Qərbin mümkün sülhməramlı mövcudluğuna qarşı hücum təhdidini dilə gətirib. K.Kallas bu addımı Rusiya tərəfindən gərginliyin təhlükəli şəkildə artırılması və Avropanın təhlükəsizliyinə birbaşa zərbə kimi dəyərləndirib.
Ukraynanın Avropa İttifaqına inteqrasiya prosesinə də toxunan ali nümayəndə K.Kallas bildirib ki, Ukrayna müharibənin ortasında belə, islahatlarda ciddi irəliləyiş əldə edib və artıq Birinci Klaster üzrə danışıqlara başlamağın vaxtıdır.
Ərazi güzəştləri sülh gətirəcək mi?
Digər tərəfdən, Finlandiya Ukraynada diplomatik həll çərçivəsində Rusiyaya hər hansı ərazi güzəştini qəti şəkildə rədd edib. Helsinki rəhbərliyi bu yanaşmanın sülh gətirməyəcəyini, əksinə rəsmi Moskvanın regiondakı “aqressiyasını” daha da gücləndirəcəyini bildirib.
Finlandiya xarici işlər naziri Elina Valtonen Berlində keçirilən illik səfirlər konfransında çıxış edərək deyib ki, Rusiyanın müharibənin başlanğıcından bəri həyata keçirdiyi hava hücumları Moskva rəhbərliyinin atəşkəsə və ya danışıqlara hazır olmadığını açıq şəkildə göstərir. O, xəbərdarlıq edərək deyib: “Əgər danışıqlar zamanı Ukrayna torpaqlarının bir hissəsi və ya onun suverenliyinin elementləri qurban verilərsə, əsas problem həll olunmayacaq, əksinə Rusiyanın təcavüzü daha da dərinləşəcək”.
E.Valtonen əlavə edib ki, V.Putin Avropa miqyasında hibrid müharibə aparır – seçkilərə təsir göstərir, hava naviqasiyası üçün GPS sistemlərini pozur, Baltik dənizi bölgəsində gizli donanma yerləşdirir.
Finlandiya rəsmisi Qərb ölkələrini Ukraynaya güclü dəstəyi davam etdirməyə, Rusiyanın iddialarını strateji baxımdan məhdudlaşdırmağa çağırıb. Onun sözlərinə görə, rəsmi Moskvanın imkanlarını sərt ticarət və iqtisadi sanksiyalarla daraltmaq, həmçinin Rusiyanın Aİ bazarına bütün ixracına gömrük rüsumları tətbiq etmək lazımdır.