TÜRKİYƏ
5 dəqiqə oxuma
15 iyul dövlət çevrilişinə cəhddən 9 il ötür
Cümhuriyyət tarixinin ən uzun gecəsi hesab edilən bu gecədə Türkiyə nümunəvi milli birlik nümayiş etdirdi
15 iyul dövlət çevrilişinə cəhddən 9 il ötür
/ AA
5 saat əvvəl

15 iyul dövlət çevrilişinə cəhddən 9 il ötür. Cümhuriyyət tarixinin ən uzun gecəsi hesab edilən bu gecədə Türkiyə nümunəvi milli birlik nümayiş etdirdi.

Bəs o gecə nə baş verdi?

2016-cı il 15 iyul tarixində saat 14:00 radələrində Aviasiya Komandanlığının mayoru Ankaranın Yenimahalle rayonunda yerləşən Milli Kəşfiyyat Təşkilatının (MİT) qərargahına gələrək dövlət çevrilişi hazırlıqları ilə bağlı məlumat verib.

Bu məlumatdan sonra Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan Baş Qərargaha yollanıb. Keçirilən fövqəladə iclasda Aviasiya Komandanlığından üç təyyarənin icazəsiz havaya qalxdığı barədə xəbər alınıb.

Araşdırma aparılması və şübhəli şəxslərin saxlanılması barədə qərar verilib. Tankların və zirehli texnikanın kazarmalardan çıxması qadağan olunub, hərbi uçuşlar isə yeni göstərişədək dayandırılıb.

Həmin gecə Baş Qərargahdakı çevrilişçi hərbçilər vəziyyəti yaxından izləyirdilər. Komandanlıq səviyyəsində bir sıra yüksək rütbəli şəxslər də bu xain planın içində idi. Hakan Fidanın Baş Qərargaha gəlməsi ilə çevriliş planının ifşa olunduğu bəlli oldu və çevrilişçilər çevriliş vaxtını səhər saat 03:00-dan daha önə çəkərək dərhal hərəkətə keçdilər.

Hakan Fidan oradan ayrıldıqdan sonra çevrilişçilər Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın ofisinə basqın edərək çevrilişin başladığını elan etdilər. Lakin Hulusi Akar onlara sərt reaksiya göstərdi və təqdim olunan çevriliş bəyannaməsini imzalamaqdan imtina etdi. Bundan sonra o, saxlanılaraq Akıncı Hava Bazasına aparıldı. Çevrilişçilər Baş Qərargah rəisinin müavini general Yaşar Güləri də girov götürdülər.

Saat 21:14-də çevrilişi koordinasiya etmək üçün "Yurdda Sülh" adlı WhatsApp qrupu yaradıldı. Qrupda mülki vətəndaşlara qarşı “Əzin, yandırın, güzəştə getməyin” kimi sərt əmrlər verildi.

Saat 21:23-də çevrilişçi əsgərlər Kuleli Hərbi Liseyindən çıxaraq hərəkətə keçdilər. Saat 21:52-də körpüyə çataraq hərbi maşınlarla Avropa istiqamətinə gedən yolu bağladılar.

Hər kəs nə baş verdiyini anlamağa çalışırdı. İlk açıqlama o dövrün Baş naziri Binəli Yıldırımdan gəldi: “Açığı, biz bu məsələni bir üsyan ehtimalı kimi qiymətləndiririk. Vətəndaşlarım və millətim bilməlidir ki, demokratiyaya xələl gətirəcək heç bir hərəkətə icazə verilməyəcək.”

Eyni vaxtda İstanbul Polis İdarəsinə zəng daxil oldu. Hərbi vəziyyət elan edildiyi bildirilərək o dövrdəki polis rəisi Mustafa Çalışkan və komandasının təslim olmaları tələb olundu.

Saat 22:00-da Ankara səmasında qırıcı təyyarələr uçmağa başladı. Çevrilişçilərin əsas hədəflərindən biri olan Milli Kəşfiyyat Təşkilatının (MİT) Yenimahalledəki kompleksinə FETÖ-yə tabe olan pilotlar helikopterlərlə hücum etdilər.

İstanbul Atatürk Hava Limanında da gərginlik yaşanırdı. Çevrilişçi bir qrup tanklarla hava limanına gələrək idarəetmə qülləsini ələ keçirdi və hava nəqliyyatını dayandırdı.

Saat 23:00-da İstanbul Böyükşəhər Bələdiyyəsi binası çevrilişçilərin hədəfinә çevrildi.Çevrilişçilәr binaya hücum edərək müqavimət göstərən mülki vətəndaşlara atəş açdılar, nəticədə 14 nəfər şəhid oldu.

TRT-yə basqın

Çevrilişçilərin işğal etdiyi digər mühüm qurum TRT idi. İyulun 16-na keçən gecənin ilk dəqiqələrində qanunsuz bəyanat oxuduldu. Daha sonra  TRT-nin TÜRKSAT üzərindən yayımı dayandırıldı.

Eyni vaxtda, Marmarisdə istirahətdə olan Prezident Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanına doğru yola düşdü. Prezidentin ayrılmasından sonra çevrilişçiləri daşıyan helikopterlər Marmarisdəki otelə hücum etdilər. Qarşıdurmada Prezidentin mühafizə xidmətində olan xüsusi təyinatlı polislərdən bir neçəsi şəhid oldu.

Bir müddət sonra Akıncı Hava Bazasından qalxan qırıcı təyyarələr Türkiyə Böyük Millət Məclisi, Gölbaşı Polis Xüsusi Əməliyyat İdarəsi, Ankara Polis Qərargahı və TÜRKSAT-a hücum etdilər. Onlarla mülki şəxs və polis əməkdaşı şəhid oldu.

Çevrilişçilərin digər hədəfi Hərbi Hava Qüvvələri komandanı general Abidin Ünal idi. Aralarında Ünalın da olduğu 17 general İstanbuldakı Moda Deniz Klubunda keçirilən bir toyda saxlanıldı.

Gecənin dönüş nöqtəsi Prezident Rəcəb Tayyib Ərdoğanın bir televiziya proqramına telefonla bağlanaraq xalqa etdiyi tarixi müraciət oldu. Prezidentin “Millətimizi meydanlara dəvət edirəm” çağırışı çevrilişin taleyini dəyişdi.

Bu çağırışa cavab olaraq yüz minlərlə insan küçə və meydanlara çıxaraq çevrilişə qarşı müqavimət göstərdi. Bu müqavimətin simvolik nöqtələrindən biri Boğaziçi körpüsündə yaşanan hadisələr oldu. Çevrilişçilər körpüyə toplaşan vətəndaşlara atəş açdılar.

Dini İşlər İdarəsi bütün məscidlərdə səla verilməsi ilə bağlı göstəriş verdi.

Türkiyə Böyük Millət Məclisi çevrilişçilərə qarşı möhkəm dayandı. Ankaradakı millət vəkilləri məclisə axışdı, Ümumi Yığıncaq zalı açıldı. Lakin çevrilişçilər Parlament binasını bombaladılar.

Ömər Halisdemir çevrilişin gedişatını dəyişdirdi

Xüsusi Qüvvələr Komandanlığının qərargahında yaşananlar gecənin ən önəmli məqamlarından biri oldu. Çevrilişin Xüsusi Təyinatlı Qüvvələrin rəhbəri təyin edilən general Semih Terzi saat 02:16-da Şırnakın Silopi bölgəsindən qərargahı ələ keçirmək məqsədilə gəldi. Ancaq zabit Ömər Halisdemir onu vuraraq çevrilişin taleyini dəyişdirdi.

Prezidentin Marmarisdən ayrıldığını öyrənən çevrilişçilər bomba yüklü ‘‘F-16’’larla onun təyyarəsini vurmaq üçün havaya qalxdılar. Vətəndaşlar Akıncı Hava Bazasının ətrafında toplaşaraq bu planın qarşısını almağa çalışdılar. Əraziyə toplaşan insanlara atəş açıldı və 5 nəfər şəhid oldu.

Baş nazir Binəli Yıldırım bütün hərbi təyyarələrin dərhal enməsini, əmri yerinə yetirməyənlərin isə vurulmasını əmr etdi. Bu vaxt xuntaya məxsus ‘‘F-16’’lar Prezidentin olduğu ATA təyyarəsini axtarırdı, lakin marşrut müəyyən edilə bilmədi.

Prezident saat 03:20-də İstanbul Atatürk Hava Limanına təhlükəsiz şəkildə eniş etdi. Təxminən bir saat sonra o, xalqa müraciət edərək dedi:

“Bu bir üsyandır, vətənə xəyanətdir. Bunun əvəzini ağır ödəyəcəklər.”

İrəliləyən saatlarda çevrilişçilər psixoloji üstünlüklərini itirməyə başladılar. Lakin təhlükə hələ də tam aradan qalxmamışdı.

Səhər saat 06:30-da Prezident Kompleksinə bomba atıldı. Boğaziçi körpüsündə isə tank su şırnağını (TOMA) hədəf aldı. Çevrilişçilər orduya məxsus tankdan atəş açdılar.

Ancaq Türkiyənin 81 vilayətində xalq küçələrə çıxaraq demokratiyanı müdafiə etdi. Bələdiyyəyə məxsus yük maşınları kazarmaların qarşısını kəsərək tankların hərəkətinə mane oldu. Əskişəhərdən qalxan hökumətə sadiq təyyarələr Akıncı Hava Bazasının uçuş-eniş zolağını bombalayaraq bazanı fəaliyyət göstərməz hala gətirdi.

Çevrilişçilər uduzdu, millət qalib gəldi

Səhər saat 08:30-da Jandarma Baş Komandanlığı çevrilişçi ünsürlərdən təmizləndi. Baş Qərargah rəisi Hulusi Akar və digər yüksək rütbəli komandirlər xilas edildi.

Milli Kəşfiyyat Təşkilatı (MİT) verdiyi açıqlamada bu ifadələrə yer verdi.

“Sistemli əməliyyat başa çatdı, hədəfli əməliyyata keçilir. 1-2 saata tamamlanacaq.”

Çevrilişi planlaşdıran və həyata keçirən əsgər və mülki şəxslərin böyük əksəriyyəti həbs edildi.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us