ABŞ prezidenti Donald Tramp İsrailin Qətərə hücum qərarının Vaşinqtondan deyil, birbaşa İsrailin Baş naziri Binyamin Netanyahu tərəfindən verildiyini bildirib.
“Bu, Baş nazir Netanyahunun verdiyi qərar idi. Mənim qərarım deyildi. Stiv Vitkofa Qətər tərəfini gözlənilən hücumla bağlı məlumatlandırmağı tapşırdım. Təəssüf ki, artıq çox gec idi və hücumu dayandırmaq mümkün olmadı,” – deyə Donald Tramp "Truth Social" platformasında yazıb.
Qətər Xarici İşlər Nazirliyi isə bildirib ki, ABŞ-ın xəbərdarlıq mesajı partlayışlardan sonra çatdırılıb. Bu səbəbdən Doha Ağ Evin hücumdan əvvəl xəbərdarlıq etdiyi ilə bağlı iddialarını rədd edib.
Qətər tərəfi hücumu “beynəlxalq hüququn açıq şəkildə pozulması” və ölkənin suverenliyinə, təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirib.
Donald Tramp hücumdan sonra İsrail Baş naziri B.Netanyahu ilə danışdığını, onun da sülhün təmin olunmasını istədiyini söylədiyini qeyd edib.
D.Tramp həmçinin Qətər əmiri Şeyx Təmim bin Həməd əl Sani ilə telefon danışığı apardığını və onu belə bir hadisənin bir daha təkrarlanmayacağına əmin etdiyini bildirib.
Ağ Evin mətbuat katibi Karolin Levitin fikirlərini təkrarlayan Donald Tramp deyib: “ABŞ-ın yaxın müttəfiqi Qətər kimi suveren bir ölkəni birtərəfli şəkildə bombalamaq nə İsrailin, nə də ABŞ-ın maraqlarına xidmət edir”.
Donald Tramp bu hadisədən sonra Vaşinqtonun Qətərlə münasibətləri gücləndirmək niyyətini vurğulayaraq, dövlət katibi Marko Rubioya Qətərlə Müdafiə Əməkdaşlığı Sazişinin tamamlaması barədə göstəriş verdiyini də bəyan edib.